Ağaclar arxasında qalan növbəti nişan

  • 13.08.2020
  • 0

Daim gördüyü problemləri sosial şəbəkələrdə işıqlandıran, aidiyyatı qurumlara rəsmi müraciət edib aradan qaldırılmasına nail olan, uyğunsuzluqlara biganə qalmayan sosial aktiv vətəndaş Murad Əhəd YPX.AZ saytına növbəti bir problemlə bağlı videogörüntü göndərib və onu ictimailəşdirib aidiyyatı şəxslərə çatdırmağımızı istəyib. Videogörüntüdə də deyildiyi və göründüyü kimi, Köhnə Günəşli qəsəbəsindən Qaraçuxur qəsəbəsi, Babək prospekti istiqamətində gedən yolda dairə var. Lakin dairəyə avtomobillə yaxınlaşan sürücü orada heç bir yol hərəkəti nişanı görmür. Dairəyə piyada yaxınlaşanda isə görünür ki, ağacların budaqları arasında 4.3 (dairəvi hərəkət) nişanı var. Ancaq normal hərəkət sürəti ilə gələn sürücünün bu nişanı görməsi, görəndən sonra ona əməl etməsi mümkünsüzdür. Sürücü o nişanı görəndən sonra nişanın tələbinə uyğun olaraq dairə boyu hərəkət edən avtomobillərə yol vermək üçün gərək qəfil tormozlama edə. Bu isə qəzaya səbəb ola bilər. Bəs görəsən səlahiyyətli şəxslərin heçmi oradan yolu düşmür? İndiyə kimi niyə bunun fərqinə varmayıblar? YPX.AZ olaraq problemin tez bir zamanda həll ediləcəyinə inanırıq və ümid edirik.

Nə düşünürsən?