Hoqlandın Qarabağ təklifi qəbuledilməzdir – Politoloq

  • 05.08.2020
  • 0

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT-nin problemidir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi də bunun sübutudur. Lakin Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək qəbuledilməz bir təklifdir. Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın ATƏT-in Minsk Qrupundakı keçmiş həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağın BMT protektoratı altına verilməsi haqda sözlərini şərh edərkən deyib. Politoloq bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması daha konstruktivdir: “Dağlıq Qarabağa dair BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, bir sıra həllər təklif edən “Madrid prinsipləri” mövcuddur. Lakin Ermənistan tərəfi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini saymaması azmış kimi, bu gün Azərbaycana qarşı yeni torpaq iddiaları ilə çıxış edir. Digər tərəfdən, Ermənistanın münaqişənin həllinə dair yanaşması da məlumdur. Rəsmi İrəvan sayı 60 min belə olmayan Dağlıq Qarabağ ermənilərinin “müqəddəratının” tanınmasını istəyir. Bu olduqda isə Dağlıq Qarabağ bir il tamam olmadan Ermənistana birləşmək üçün referendum keçirəcək və öz müqəddəratını rəsmi İrəvanın istəyi əsasında həll edəcək. Bu, münaqişənin real həll yolu deyil. Ermənistan məsələyə destruktiv yanaşır. Azərbaycanın münaqişənin həllində təklif etdiyi yol ən konstruktiv yoldur. Dağlıq Qarabağa Azərbaycan daxilində geniş muxtariyyət verilməsi, 1 milyona yaxın qaçqının öz torpaqlarına qaytarılması ən humanist yanaşmadır. Baxın, bu gün dünyanın fərqli yerlərində Dağlıq Qarabağdan çox erməni yaşayır. Misal üçün, Kaliforniya ştatında 1 milyondan çox erməni yaşayır. Belə çıxır, ABŞ Kaliforniyada ermənilərə öz müqəddəratını tanımaq hüququ verməlidir?! Bəs Azərbaycan niyə bu güzəşti getməlidir? Azərbaycanın məsələyə münasibəti birmənalıdır: ərazi bütövlüyünün təmini, didərgin düşən vətəndaşlarımızın Qarabağa qaytarılması şərti ilə Dağlıq Qarabağa geniştərkibli muxtariyyət verilə bilər”. Politoloqun sözlərinə görə, Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək münaqişənin uzanmasından başqa bir şey deyil: “BMT bu kimi təklifləri Kəşmir, Fələstin münaqişələrinin həlli üçün də etmişdi. Təklif edilən sülh paketində Fələstində İsrail və Fələstin dövlətlərinin yaradılması, Qüds şəhərinin BMT protektoratı altına verilməsi öz əksini tapırdı. Lakin BMT ən güclü olduğu vaxtlarda belə bu kimi bir həll yolu işə yaramadı. Digər tərəfdən bu gün Dağlıq Qarabağda 1 azərbaycanlı belə yaşamır. Bu reallıq heç zaman unudulmamalıdır. Dağlıq Qarabağın BMT idarəçiliyinə verilməsi kimi şirnikləşdirici təkliflərlə bizi aldatmaq lazım deyil. Bizim münaqişənin həllində təkliflərimiz bəllidir. 30 ildir bunu deyirik. Lakin daha 30 il demək fikrimiz yoxdur. Dağlıq Qarabağı qeyri-müəyyən müddətə BMT protektoratı altına vermək məsələsi isə müzakirə mövzusu belə ola bilməz”.

Nə düşünürsən?