Çimərliklərdə hansı məhdudiyyətlər olacaq?

  • 04.08.2020
  • 71 baxış
  • 0

Vətəndaşlar sabahdan etibarən çimərliklərə yollana bilərlər. Təbii ki, müəyyən qayda və şərtlərə əməl edərək. Təhlükəsiz şəraitdə istirahətinizi təmin etmək üçün çimərliklərdə COVID-19 pandemiyası ilə bağlı yeni qaydalar tətbiq olunub. Operativ qərargahın qərarı ilə çimərliklər pandemiya şəraitinə uyğunlaşdırılaraq, vətəndaşların istifadəsi üçün tam hazır vəziyyətə gətirilib. Beynəlxalq təcrübə araşdırılaraq, 120 çimərlikdə xüsusi zona yaradılıb. Fəaliyyətinə icazə verilən çimərliklərdə çətir və stollar 4 metr məsafə ilə quraşdırılıb. Çətirlərin altı rəngli taxtalarla bölünərək, kəndirlə əhatələnib, hər əraziyə 2 istirahət kürsüsü yerləşdirilib. Ümumi istifadə olunan soyunub-geyinmə otaqları və sanitar qovşaqların qarşısına məlumatverici lövhələr ilə yanaşı, dizinfeksiyaedici məhlullar yerləşdirilib, müxtəlif yerlərə maskaların atılması üçün xüsusi zibil qabları qoyulub. Çimərlik ərazisində yerləşən restoranların fəaliyyəti bərpa olunmasa da, vətəndaşlara onlayn xidmət göstəriləcək. Asan xidmətin mətbuat katibi Elnur Niftəliyev "XəzərXəbər"ə bildirib ki,vətəndaşların çimərliyə getmək üçün icazə almasına ehtiyac yoxdur. Onlar cimerlik.az saytı vasitəsilə çimərliklərin siyahısı və oradakı sıxlıq səviyyəsini öyrənə bilərlər. Çimərliklərdə giriş-çıxışın yoxlanılması və ümumi nəzarəti isə Asan könüllüləri həyata keçirəcəklər. Prosesə 1000-dən artıq könüllü cəlb olunub. Bu arada Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları müxtəlif ərazilərdə dəniz suyundan nümunələr götürərək, mikrobioloji təhlillər aparıblar. Araşdırmaların nəticələrinə görə Bilgəh, Mərdəkan, Nardaran, Novxanı, Pirşağı, Zaqulba, Şüvəlan və Buzovna çimərlikləri istifadəyə yararlıdır. Hazırda digər çimərliklərdə də monitorinq və araşdırmalar davam etdirilir.

Nə düşünürsən?