Bölgələrin su problemi aradan qaldırılır

  • 31.07.2020
  • 0

Sabirabad rayonunun Həşimxanlı kəndində yaranmış su problemi fermerlərin prezidentə ünvanladığı müraciətdən sonra öz həllini tapıb. Xezerxeber.az-ın məlumatına görə, burada kənd sakinləri əsasən pambıq əkini ilə məşğul olurlar. Lakin son dövrlər suvarmada müşahidə olunan çətinliklərlə əlaqədar onlar sahələri suvara bilmirdilər. Hazırkı dövrdə pambıq sahələrinin suvarılmasının vacibliyini nəzərə alan fermerlər bu problemin aradan qaldırılması üçün ölkə başçısına müraciət etmək qərarına gəliblər. Artıq onların müraciəti müsbət nəticə verib. İmişli rayonu, Muradxanlı kəndindən olan fermer Əyalət Sadıqovun pambıq sahələrinin suvarılması ilə bağlı yaranmış problemi də artıq öz həllini tapıb. Ölkə başçısının əkin sahələrinin suvarılmasındakı çətinliklərin aradan qaldırılması ilə bağlı verdiyi tapşırığa əsasən, bu gündən etibarən adı çəkilən kənddə də suvarma suyu ilə bağlı problemin həlli istiqamətində əməli addımlar atılıb. Beylaqan rayon, Sarısu kənd sakinləri də əkin sahələrini suvara bilmirdilər. Artıq onların bu problemi həll olunub. Növbəlilik əsasında sahələrin suvarılması aparılır. Beyləqan rayon suvarma sistemləri idarəsindən bildirildi ki, Xan qızı kanalı vasitəsilə Araz, Qarabağ kanalı vasitəsilə isə Kür çayının suyundan istifadə etməklə Beyləqan rayon ərazisində 50 min 539 hektar, İmişli rayonunda isə 639 hektar əkin sahəsi su ilə təmin edilir. Rayonun suvarma su təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?