Karantin qaydalarını pozan şəxslərə qarşı tədbirlər görülüb

  • 30.07.2020
  • 0

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü - Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar. Xezerxeber.az-ın məlumatına görə, araşdırmalar zamanı Cavid Ramazanovun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər Mehbala İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar. Daha sonra isə Cavid Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər. Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba rayon məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan Cavid Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digər sürücü isə cərimələnib. Cəlilabadda isə karantin qaydalarını pozaraq piknikə gedən şəxslər saxlanılıb. Cəlilabad şəhəri ərazisində qurulmuş postlardan birində Bakı şəhər sakini olan Elvin Süleymanzadənin idarə etdiyi avtomobil saxlanılıb. Yoxlama zamanı sürücü ilə yanaşı avtomobildə olan Bakı sakinləri - Nahid Qasımov, Habil Əsədov və 3 nəfər qadının heç bir müvafiq icazə olmadan, Bakı şəhərindən Cəlilabada gəldikləri müəyyən edilib. Onların dincəlmək məqsədilə, piknik təşkil etmək üçün gəldikləri məlum olub. Həmin 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 200 manat məbləğində cərimə olunublar. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?