Qurban bayramında ət yenə bahalaşacaqmı?

  • 28.07.2020
  • 0

Qurban bayramına sayılı günlər qalıb. Hər kəs bayramı qeyd etməyə hazırlaşır. Bazarlardakı vəziyyəti öyrənmək üçün biz də kameramızı, mikrofonumuzu götürüb yollandıq ət kəsim məntəqələrinə. APA TV-nin məlumatına görə, məqsədimiz müqəddəs Qurban bayramı ərəfəsində ətin qiymətini öyrənmək idi. Birinci üz tutduğumuz Yaşıl bazarda dana əti alıcılara 11-12, quzu əti isə 13-14 manata təklif olunur. Ət satışı ilə məşğul olan Tural Əliyev bayram günlərində qiymət artımının olmayacağını deyir: “Qiymətlər əvvəlki kimidir. Bayram ərəfəsində ətin qiyməti nə qalxıb, nə düşüb. Mal ətini 11 manata, quzu ətini isə 14 manata satırıq. Bayram günlərində də qiymət artımı gözləmirik. Qurbanlıq heyvanları Ağcabədi rayonundan gətirmişik”. Azər Qurbanov isə ətin qiymətinin aşağı düşə biləcəyini də bildirir: “Qurban bayramı ərəfəsində quzu ətinin qiyməti 13 manat 50 qəpik civarında olacaq. Bayram günlərində eyni qiymət qalacaq, yəni qiymət artımı gözlənilmir. Hələ ola bilsin ki, qiymətlər aşağı düşsün. Qurbanlıq heyvanları Bərdə və Beyləqan bazarlarından gətiririk”. Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarında da vəziyyət aşağı-yuxarı eynidir: Hətəm Əliyev də qiymətlərin olduğu kimi qalacağını vurğulayır: “Qiymətlər olduğu kimi də qalıb. Quzu əti 11-13 manat arası, dana əti isə 11 manatdır. Hələ alıcı sıxlığı müşahidə olunmur. İnşallah bayram günlərində yaxşı olar. Bayram günlərində qiymət artımı olmayacaq. İndi neçədən satırıqsa, bayram günlərində də o qiymətdən satacağıq. Qurbanlıq heyvanları Bərdə, Beyləqan və Füzuli rayonlarından gətiririk”. Tural Əliyevin fikrincə qiymətlərin artmamasına səbəb alıcı qıtlığıdır: “Bu dəqiqə quzu ətinin qiyməti 13 manatdır, yəni qurban bayramında da qalxmaq ehtimalı yoxdur. Səbəb isə hazırda alıcı qıtlığıdır. Hazırda bazarlarda heyvan çoxdur. Ona görə də qiymət artımından söhbət gedə bilməz. Heyvanları Bərdə, Ağcabədi və Beyləqan rayonlarından gətiririk. Satdığımız məhsul öz yerli heyvanlarımızın ətidir. Heyvanlar bura baytar nəzarəti altında, həkim kağızı ilə gətirilir. Burada da baytar nəzarəti altında kəsilir. Satışa yararlı olduğu halda satılır. Əgər ətdə nəsə şübhəli bir şey varsa, satışa yaramır”. Müşahidələrimiz onu göstərdi ki, satıcılar alıcı qıtlığından, alıcılar isə qiymətlərin baha olmasından gileylənirlər: Alıcı Ləman İsgəndərova ətin yaxşı olmasına baxmayaraq, qiymətlərdən narazıdır: “Ət yaxşıdır, körpə quzu ətidir, dana ətidir, amma qiymətlər bahadır. Almaq olmur. Ümumiyyətlə, qiymətlər münasib deyil. Çox bahadır”. Məmmədağa Hüseynoğlu da qiymətlərin aşağı olmasının tərəfdarıdır: “Nə qiymət deyirlər, onu da verirəm. Hələ bilmirəm neçədən satacaqlar mənə. Ümumilikdə yaxşıdır, pis deyil”. Bəs xüsusi karantin rejimi dövründə bu işlə məşğul olan şəxslər sanitar-gigiyenik normalara necə əməl edir? Satıcılar təkidlə bildirir ki, adi günlərdə də, karantin günlərində də sanitar-gigiyenik normalara əməl etmək ən ümdə məsələlərdəndir: Azər Qurbanov qoyulan bütün qaydalara əməl etdiklərini deyir: “Ümumiyyətlə, bu xüsusi karantin rejimi dövründə bütün sanitar-gigiyenik qaydalara əməl edirik. Maskadan, əlcəkdən istifadə edirik. Hər bir alıcı mağazaya girdikdə və çıxdıqda əllərini spirtləyir”. Hətəm Əliyev də tibbi maska taxır, əllərini tez-tez spirtləyir: “Maskalardan istifadə edirik. Əllərimizi tez-tez spirtləyirik. Hər birimiz tibbi əlcəklər taxırıq və həkim nəzarəti altında da işləyirik”. Qurban bayramı günlərində ət kəsimi məntəqələrində, səyyar satış yerlərində sanitar-gigiyenik qaydalara əməl olunmasına nəzarətlə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumun İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirdi ki, bununla bağlı qaydalar işlənilib hazırlanıb. Qarşıdakı günlərdə bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il ölkəmizdə Qurban bayramı 31 iyul, 1 avqust qeyd ediləcək. Avqustun 1-i həftə sonuna təsadüf etdiyindən, ayın 3-ü də qeyri iş günü hesab olunur.

Nə düşünürsən?