1xbet

ABŞ səfiri XİN-ə çağırıldı

  • 24.07.2020
  • 1.5K baxış
  • 0

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Xələf Xələfovla görüş keçirilib. XİN-dən APA TV-ya bildirilib ki, görüşdə Xələf Xələfov ilk olaraq Ermənistanın Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi hərbi təxribat ilə bağlı qarşı tərəfə məlumat verib. Nazir müavini, ermənilərin sərhəddə törədikləri təxribatın Azərbaycan silahlı qüvvələri tərəfindən iflasa uğradılmasından sonra militarist erməni hakimiyyətinin işğalçı siyasətini gizlətmək üçün dünyanın müxtəlif ölkələrinin əsasən ermənilərin daha sıx məskunlaşdığı şəhərlərində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı hücum və təxribatlara əl atdığını diqqətə çatdırıb. Bildirib ki, belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Nazir müavini, ermənilərin daha bir təxribat və hücum əməlinin Los Anceles şəhərində baş verdiyini, erməni radikal qruplarının bu şəhərdəki Baş Konsulluğumuzun yerləşdiyi binanı əhatəyə alaraq, Azərbaycana qarşı aqressiv formada təxribatçı şüarlarla müşayiət olunan etiraz aksiyası keçirdiyini bildirib. Həmçinin erməni nümayişçilərin ərazidə dinc aksiya keçirən və sayca onlardan qat-qat az olan Azərbaycan icması üzvlərinə hücum etdiyi və biri qadın olmaqla yeddi nəfər soydaşımızın xəsarət aldığı qeyd olunub. Xələf Xələfov ABŞ polisinin bu hücumun qarşısını almamasını isə məyusedici hal kimi qiymətləndirib, bu halın ABŞ-ın nüfuzuna xələl gətirdiyini qeyd edib. Azərbaycan tərəfinin buna qəti etirazını bildirdiyini və öz qanuni vəzifələrini yerinə yetirməyənləri qınadığını deyən nazir müavini, ABŞ hökumətindən bu cinayətləri törətmiş erməni radikal birləşmələrinin məsuliyyətə cəlb edilməsinin və bu təxribat hadisələrinə hüquqi qiymət verilməsinin tələb edildiyini diqqətə çatdırıb. Örl Litzenberqer qeyd edilən məsələlərlə bağlı məlumatlı olduğunu, baş verən hadisələrdən dolayı dərin təəssüf hissi keçirdiyini bildirib. Los Ancelesdə baş verən təxribatla bağlı danışan səfir bunun bilavasitə aqressiv erməni nümayişçilər tərəfindən həyata keçirildiyinə dair təkzibedilməz sübutların mövcud olduğunu və dinc aksiya üçün oraya yığışmış azərbaycanlılara qarşı sayca daha çox olan ermənilər tərəfindən edilmiş hücuma bəraət qazandırmağın mümkünsüzlüyünü diqqətə çatdırıb. Səfir, Los Ancelesin yerli hüquq mühafizə orqanları rəhbərliyinin baş vermiş erməni təxribatı və onun qarşısının alına bilməməsindən dolayı üzrxahlıq etdiyini, məsələ ilə bağlı araşdırmaların aparılacağını və müvafiq tədbirlərin görüləcəyini qeyd edib. Həmçinin Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlərin görülməsi məsələsinin rəsmi Vaşinqton qarşısında qaldıracağını ifadə edib.

Nə düşünürsən?