Polis əməliyyat keçirib, narkotacirlər tutulub

  • 14.07.2020
  • 0

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları paytaxtda "narkotacirlərə" qarşı əməliyyat keçirib. Nəticədə paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Pərviz Məmmədəliyev tutulub. Onun Sabunçu rayonunda yaşadığı evə baxış keçirilən zamanı 755 qram narkotik vasitə olan həşiş qətranı, 242 qram heroin, 59 qram psioxotrop maddə metamfetamin, 31 ədəd metadon həbi, 2 ədəd eletron tərəzi və sandıqçasında 4 ədəd patron olan qaz tapançası aşkar olunaraq götürülüb. Xezerxeber.az-ın məlumatına görə, idarə əməkdaşlarının keçirdiyi daha bir əməliyyatla Goranboy rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Əhməd Ərəbov paytaxtın Nərimanov rayonu ərazisində saxlanıb. Onun üzərində ümumi çəkisi 9 qrama yaxın olan narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Hər iki şəxs paytaxt ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Pərviz Məmmədəliyev və Əhməd Ərəbov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Maştağada isə həyət evində narkotik tərkibli bitkilər əkib-becərən şəxs saxlanıb. Sabunçu rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən qəsəbə sakini Sərxan Kərimovu saxlayıb. Həyətyanı sahəyə baxış zamanı orada yetişdirilən yaş halda çəkisi 27 kiloqram olan 225 ədəd çətənə kolu, yaşadığı evdən isə 60 qram qurudulmuş marixuana və 20 qrama yaxın marixuana tumları edilərək götürülüb. Sərxan Kərimov narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.