ABŞ Rusiyaya Türkiyə üzərindən mesaj verəcək

  • 09.07.2020
  • 0

Ankara ABŞ-ın S-400-lə bağlı sanksiyalar tətbiq edəcəyi yönündəki təhdidlərinə boyun əyməyəcək. Lakin ABŞ-ın da bu məsələdə təhdidkar bir ritorika ilə kifayətlənəcəyini düşünmürəm. Vaşinqton Ankaraya S-400-ə görə sanksiyalar tətbiq edəcək. Lakin bu, Türkiyə üzərindən Rusiyaya bir mesaj olacaq. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov türk ordusunun 4 iyuldan Mürtəd aviabazasında başlayan S-400 sistemlərinin sınaqlarını şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə son illər ərzində regionda öz maraqları çərçivəsində fəal xarici siyasət aparan bir ölkəyə çevrilib: “Məsələ ondadır ki, Türkiyənin Rusiyadan S-400 raketlərini alması heç də bu iki ölkənin əbədiyyən müttəfiq olacağı anlamına gəlmir. Bu gün Türkiyənin regionda strateji mövqeyi və maraqları olduqca mürəkkəbdir. Nəzərə almaq lazımdır ki, Ankara regionun terrorla mübarizə aparan ən aktiv ölkəsidir. Eyni zamanda bu gün Türkiyə, başda ABŞ olmaqla, NATO üçün Yaxın Şərqdə gedən münaqişələrin tənzimlənməsində əsas tərəfdaşdır. Nəticə etibarilə isə bu gün Türkiyəyə qarşı olan ölkələr daha çoxdur. Bu reallıqları nəzərə aldıqda rəsmi Ankaranın özünü qorumaq üçün tədbirlər görməsində qeyri-adi heç nə yoxdur”. Politoloq bildirib ki, Türkiyə heç vaxt rəsmi olaraq NATO-nu tərk edəcəyini açıqlamayıb: “Türkiyənin Rusiyadan S-400 raketlərini almasının əsas səbəbkarı məhz ABŞ özüdür. Rəsmi Ankara dəfələrlə ABŞ-a “Patriot” raketləri ilə bağlı müraciət edib. Amma ABŞ öz müttəfiqi Türkiyəyə “yox” deyib. Yəni durum belə olduqda Türkiyə alternativlər axtarmağa başladı və ona görə Rusiyadan S-400 müdafiə sisteminin alınması məcburiyyətə çevrildi”.

Nə düşünürsən?