Komadan ayılan xəstə danışdı

  • 06.07.2020
  • 0

12 gün süni tənəffüs aparatına qoşularaq yaşamaq uğrunda mübarizə aparan 39 yaşlı Bəhruz Məhərrəmov bu gün Mərkəzi Gömrük Hospitalında evə buraxılıb. APA TV-nin məlumatına görə, pasiyent bir həftə ərzində özündə qızdırma, halsızlıq hiss edib və evdə özünü müalicə etməyə başlayıb. Bu müddət ərzində onun vəziyyəti daha da pisləşib, təngnəfəslik yaranıb: “Bir həftə ərzində istədim özümü müalicə eləyim, amma sonda təngnəfəslik yarandı. Gördüm ki, artıq dayana bilmirəm. Təcili yardımla gəldim bura. Burda 12 gün süni tənəffüs aparatında qaldım. Daha sonra aparatdan ayrıldım. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm”. Mərkəzi Gömrük Hospitalının Anesteziologiya və Reanimatologiya şöbəsinin həkimi Xəyal Məmmədov bildirib ki, xəstəxanaya ağır və orta-ağır xəstələr daxil olur. Hazırda reanimasiya şöbəsində ağır xəstələr saxlanılır: “Bizim bir xəstəmiz artıq sağalıb, onu evə buraxırıq. Xəstənin vəziyyəti daxil olanda çox ağır idi. Hər iki ağciyərin total olaraq pnevmoniyası qeydə alınmışdı. Buzlu şüşə mənzərəsi izlənirdi. Xəstənin vəziyyəti ağır olduğuna görə süni tənəffüs aparatına qoşulmuşdu. Bu müddət ərzində aparılan müalicələr müsbət nəticə göstərdiyindən, biz onu aparatdan ayırdıq və müalicələri davam etdirərək ağciyərdəki prosesi tamamilə dayandırdıq. Hazırda xəstənin vəziyyəti normal olaraq evə yazılır”. Həkimin sözlərinə görə, hazırda 4 nəfər pasiyent süni tənəffüs aparatından ayrılıb, amma həmin aparat vasitəsilə onlara dəstək verilir: “Bəzən deyirlər ki, koronavirus ancaq yanaşı olan adamlarda ağır keçir. Amma biz bunu müşahidə edirik ki, hətta cavan, yanaşı xəstəliyi olmayan insanlarda da bu ağır gedişat izlənilə bilir. Bəzi insanlar deyir ki, mən buna yoluxmayacağam, mən cavanam, sağlamam. Biz müşahidə edirik ki, cavanlar da, sağlamlar da yoluxa bilir, ağır gedişat izlənilə bilir. Bu xəstəliyin qarşını almaq üçün yeganə yol maska taxmaq, gigiyenik vasitələrdən istifadə etmək, izolyasiya olmaqdır. Biz bunlara riayət etsək, yoluxanların sayı azalacaq”. Həyatımızı iflic edən bu virusun yoluxdurduğu xəstələri, aldığı canları hamımız görürük. Və bu gördüklərimiz qarşısında hələ də inamsızlıq göstərib, sadə gigiyenik qaydalara, maska taxmağa barmaqarası baxanlar olduqca, pandemiyanın yaratdığı acınacaqlı mənzərə daha da genişlənəcək. Normal həyatımıza geri qayıtmağın yolu hər birimizin üzərinə düşən məsuliyyəti dərk etməsindən keçir.