Milli Məclisdə su təchizatı ilə bağlı dinləmələr keçirildi

  • 01.07.2020
  • 0

''Bir sıra su mənbələri tikililərin altında qalıb, üstəlik, Bakıda əhalinin artımı, turizmin inkişaf perspektivi də su məsələsinə təsirsiz ötüşmür''. Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində respublikada su təchizatı məsələsinin müzakirəsinə həsr olunmuş dinləməsində səsləndirib. O deyib ki, bəzi magistral kəmərlər şəbəkə kimi istifadə edilir, sayğacdankənar istifadə hallarına rast gəlinir. Üstəlik, bağ və həyət evlərində yaşıllıqların suvarılması zamanı sudan israfçılıqla istifadə olunur və tikinti normalarına cavab verməyən fərdi şəbəkələr mövcuddur. Qorxmaz Hüseynov qeyd edib ki, su ehtiyatlarının artırılması, itkilərin minimuma endirilməsi istiqamətində işlər davam etdirilir. Bu məqsədlə aprel ayında "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalanıb və həmin sərəncama uyğun olaraq Komissiya yaradılıb. Komissiya tərəfindən su balansı hazırlanıb və ilkin təsdiqə verilib. Sədr qeyd edib ki, Azərbaycanda şirin sulara əlçatanlığı təmin etmək üçün böyük investisiyalara ehtiyac var. Ölkədə qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun cəmi 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşır. Dinləmədə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov isə ölkəmizdə və dünyada su ehtiyatlarının azalmasının səbəblərindən danışıb. Qeyd edib ki, iqtisadiyyatın inkişafı prioritet olsa da, bunun ekosistemə mənfi təsiri danılmazdır. Sadiq Qurbanov bildirib ki, Qafqaz ölkələri arasında Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Dinləmədə həmçinin qeyd edilib ki, qlobal iqlim dəyişiklikləri və quraqlıq dünyada su ehtiyatlarına ciddi təsir göstərir. Yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkəmizdə də əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına mənfi təsir göstərir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?