Övladına kiçik toy edən ata həbs edildi, qonaqlar cərimələndi

  • 30.06.2020
  • 0

Şəmkirdə övladına kiçik toy etmək istəyən şəxs saxlanılıb. APA TV-nin yerli bürosunun məlumatına görə, Şəmkir rayonunun Xuluf kənd sakini Əkbər Qəribov azyaşlı övladı üçün kiçik toy məclisi keçirmək istədiyi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib. Lakin ona karantin qaydalarına ciddi riayət etməsi barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Əkbər Qəribov yaşadığı evin həyətində övladı üçün kiçik toy məclisi təşkil etməyə cəhd edib: Şəmkir RPŞ-nin rəis müavini İlqar Əliyevin sözlərinə görə, polis əməkdaşları dərhal vətəndaşın evinə gedərək məclisin başlanmasını dayandırıblar: “Oradakı iştirakçıları rayon polis şöbəsinə gətirərək barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 100 manat həddində cərimə edilib. Məclisin təşkilatçısı, polisin qanuni tələbinə qəsdən tabe olmayan Əkbər Qəribov barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci və 535-ci maddələri ilə müvafiq protokol tərtib olunaraq məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs edilib”. Şöbədə toy məclisinin təşkilatçısı və iştirakçıları ilə bir daha maarifləndirici söhbətlər aparılıb. Onlara karantin qaydalarının tələbləri izah olunub. Toy sahibi Əkbər Qəribov səhv etdiyini etiraf edib: “Uşağı məcbur olub kəsdirdik. Əməlimizdən peşmanıq. Qohum-qonşular gəldi məcbur olub stol açdıq. Qaydaları pozduğumuza görə peşmanıq”. Toya qonaq qismində qatılan iştirakçılardan biri olan Samirə İsmayilova da peşman olduğunu bildirib: “Ürəyim durmadı. Bir dəqiqəlik gedib orda iştirak edib bir stəkan çay içdim. Əlbəttə olmaz. Düzdür etdiyimiz səhvə görə çox peşmanıq”. Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə elan edilən karantin rejiminin pozulması hallarının qarşısının alınması istiqamətində zəruri tədbirləri davam etdirir.