Siyavuş Novruzov: “Ölmək istəyirsən, get öl"

  • 30.06.2020
  • 0

“Pandemiya nə qədər uzanırsa, bir o qədər də Azərbaycan iqtisadiyyatına, həm sahibkarlığa, eyni zamanda bütövlükdə Azərbaycan ailəsinə ciddi ziyan dəyir”. Bunu APA TV-yə açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. Deputat hesab edir ki, əgər bir nəfər işlədiyi məkanda maskadan istifadə etməyib gigiyena qaydalarına əməl etmirsə, o zaman orada işləyən şəxsləri, dolayısı ilə də onların ailələrini təhlükədə qoyur və bu ailələrin çörəyinə bais olur: “Hər kəsin yanına bir polis qoya bilmərik ki, maska taxsınlar, sosial məsafə gözləsinlər. Bu sahədə insanlar özləri məsuliyyətli olmalıdırlar. Onlar qaydaları pozanda fikirləşməlidirlər ki, aylarla çölə çıxmayan ürək xəstəsi olan yaşlı insanlar var ki, onlar hər gün bir neçə km yol gəzməlidirlər. Uşaqlar yelləncəklərə baxa-baxa həsrət qalıblar, toyunu gözləyən neçə cütlüklər var, övlad toyu gözləyən valideynlər var. Bütün bu insanları nəzərə almaq lazımdır. Özün ölmək istəyirsən, yaxşı, get öl, amma başqasının yaşamasına mane olma!” Siyavuş Novruzov ötən gün Milli Məclisdə səsləndirdiyi “Koronavirusa inanmayanlarda cəzalandırılsın!” fikrinin cəmiyyətdə birmənalı qarşılanmadığına da münasibət bildirib. Deputat deyib ki, onun fikirləri sosial şəbəkələrdə canfəşanlıq edən bir qrup vətənini sevməyən şəxslər tərəfindən müxtəlif istiqamətlərə yönləndirilib: “Həmin şəxslərin hansını siz xalqa maska taxın çağırışını edən görmüsünüz? Onlar bu günə kimi qanunvericilik çərçivəsində qaydalara əməl edilməsi ilə bağlı hər hansı bir çağırış etməyiblər. Əksinə, camaatı küçələrə çağırmaq, ölkədə vəziyyət nə qədər xaos olsa, bunlar üçün o qədər yaxşıdır. Həmin şəxslər üçün xalq, millət anlayışı yoxdur. Biz də heç bir şeydən qorxmuruq. Onların bir taktikası da var ki, biz söyəcəyik, bunlar da kənara çəkiləcəklər. Qətiyyən! Biz dövlətimizin, prezidentimizin yanındayıq və müdafiəsini də axıra kimi aparacağıq”. Xatırladaq ki, iyunun 29-da Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik edilib və epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulan cərimələrin məbləği artırılıb. Bundan sonra müvafiq pozuntulara görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimə ediləcək.