Azərbaycanda həkimlərdən koronavirusla bağlı kritik xəbərdarlıq

  • 29.06.2020
  • 0

Bura meyit kimi gətirmişdilər məni. Ancaq indi buranı sağalaraq tərk edirəm. Buna görə isə gecə-gündüz başımızda gözləyən həkimlərimizə təşəkkür edirəm. Bu sözləri bu gün koronavirus xəstəliyindən sağalaraq evə yola salınan xəstələrdən biri deyib. Redaktor.az xəbər verir ki, Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına son vaxtlar daha cavan və başqa xəstəlikləri olmayanlar gətirilir. Aylardır ailələrini, övladlarını görə bilməyən həkimlər vətəndaşları onlara kömək üçün qaydalara riayət etməyə çağırırlar. Koronavirusun necə böyük bir təhlükə olduğunu anlamaq üçün həmin xəstələrin müalicə olunduğu xəstəxanaya girmək kifayətdir. Orta və ağır koronavirus xəstələrinin müalicə aldığı Tibb Universitetinin Tədris-Terapevtik Klinikası da bunlardan biridir. Elə koridorda qoyulan xüsusi örtük və təhlükəsizlik tədbirlərindən artıq başa düşürsən ki, təhlükə atılan hər addımda səninlədir. Mart ayından bəri ailəsini, övladlarını görə bilməyən Günel həkim bildirir ki, gün keçdikcə xəstəliyin aqressiyası daha da çoxalır və artıq pasiyentlər arasında cavan adamların sayı sürətlə artır. Həkim Könül İsmayılova deyir ki, 3 aydır ki, övladlarını, yaxınlarını görə bilmirlər. Buna görə insanlar həkimlərin səyləri boşa getməsin deyə qoyulan qaydalara əməl etməlidirlər. Yoxsa say çoxalarsa, xəstələrə qulluq edəcək həkim sayı da sonsuz deyil. Həkim Şərəf Hüseynova isə xəstələrə qulluq edərkən xəstələnib və müalicə aldığı zamanda belə xəstələrini nəzarətsiz qoymayıb. İndi isə sağalaraq yenidən insanları həyata qaytarmaq üçün mübarizənin ön cərgəsində yer alıb. Bir tərəfdən ağır xəstələrin mütəmadi olaraq gətirildiyi klinikadan sağalıb çıxanlar da var. Klinikanın qəbul şöbəsinin rəhbəri Cavanşir Məhərrəmov bildirir ki, pozitiv diaqnozu ilə xəstəxanaya gələnlər çox zaman xəstəliyi qəbullanmaqda çətinlik çəkirlər. Xəstəxanadakı çəkilişimiz 2 saat çəkdi. Ancaq tibbi personalın geyindiyi o geyimdə qalmaq o qədər dözülməz idi ki, hətta sırf bu geyimləri geyinməmək üçün belə hər gün 24 saat maska taxmağa, yəqin, hər kəs ürəkdən razı olar.

Nə düşünürsən?