Bananın faydaları

  • 26.06.2020
  • 0

Banan və onun bilmədiyimiz faydaları - Bananın daxilindəki qırmızı ləkənin səbəbini bilirsinizmi? Dünyanın əksər bölgələrində milyonlarla insanın əsas qida məhsulu olan bananın vətəni Hindistan hesab edilir. Qədim Hindistan ərazilərində hindlilər banan ağacının kölgəsində sərinləyir və meyvələrindən yeyirdilər. Amma bir sıra tədqiqatçılara görə ilk banan ağacları Yeni Qvineyada, Filippində və İndoneziyada böyüməyə başlamışdır. Zaman keçdikcə tacirlər bu bitkini Hindistan, Afrika və Polineziyaya gətirmişdirlər. Elm adamlarının fikrincə, bananın ilk yaranma tarixi təxminən 10 min il əvvələ aiddir. Əgər belədirsə, o zaman bu meyvəni dünyanın ən qədim meyvələrindən biri adlandırmaq olar. Bananla bağlı ilk yazılı mənbələr isə buddist mənbələri olub, e.ə. 600-cü illərə aiddir. Eramızdan əvvəl 327-ci ildə Makedoniyalı İskəndərin ordusu da bu meyvə ilə tanış olmuşdur. Beləliklə, Qərb dünyası bu sarı ekzotika haqqında məlumat əldə etmişdir. Ərəblər və yunanlar bu bitkini “əntiq meyvə” bitkiləri qrupuna aid etmişdilər. Sonralar banan ərəb tacirləri tərəfindən Afrika sahillərinə, oradan da 1482-ci ildə portuqaliyalılar tərəfindən Portuqaliyaya, daha sonra isə 1516-cı ildə Atlantik okeanını keçərək Amerika qitəsinə aparılıb. Qeyd edim ki, ilk banan tingini Şimali Amerika qitəsinə XVI əsrdə yaşamış ispan keşişi Tomas de Berlanka aparıb. ABŞ-a da guman olunur ki, banan ilk dəfə 1690-cı illərdə Meksika sahillərindən gətirilib. Bu ekzotik meyvə demək olar ki, aparıldığı hər yerdə şəraitə uyğunlaşaraq yerli əhalinin xoşuna gəlib və onlar üçün çörək, kartof, hətta əti əvəz edən ucuz və kalorili qida rolunu oynayıb. Hazırda banan Asiya və Latın Amerikası ölkələrində geniş ərazilərdə becərilir. Giləmeyvə sayılan bananın saplağı çox uzun olur. Bir iri gövdədə ağacdan asılı olaraq 500 kiloqram meyvə ola bilər. Onun ağ rəngli, yumşaq və dadlı özəyi, sarı qabığı olan növü geniş yayılsa da, çəhrayı, qırmızımtıl, bənövşəyi və qara qabıqlı olanları da var. Həmin növlər zərif olduğundan daşınmağa davam gətirmir. Əsasən tropik ölkələrdə yetişən bananı yaşıl halda yığırlar və o çatdırılma müddətində yetişir. Çox vaxt bananı kal halda satırlar və yetişməsi üçün otaq temperaturunda saxlanılır. Mükəmməl enerji mənbəyi olan banan qidalandırıcı xüsusiyyətə malikdir. Lif baxımından zəngin olduğundan doyurucudur və adamı uzun müddət tox tutur. Bananın ən maraqlı faydası insanda xoş əhval yaratmasıdır. Məsələn, depressiyada olan insanlar arasında aparılan araşdırmalardan biri sübut edib ki, həmin insanların çoxu banan yedikdən sonra özlərini daha yaxşı hiss etməyə başlayıblar. Çünki bu meyvədə tərkibində zülal olan triptofan var ki, o da insan orqanizmində serotonin hormonunun - insanı rahatlaşdıran və xoşbəxtlik hissi yaradan maddənin yaradıcısıdır. Hətta çox yeyilərsə, xoşbəxtlikdən sərxoş olma ehtimalı da vardır. Bananı yetişməmiş, az yetişmiş, yetişmiş və ya çox yetişmiş halda qəbul etmək olar. Bananın çox tez xarab olma xüsusiyyəti olduğu üçün, soyulduğu anda istehlak edilməsi tövsiyə edilir. Kulinariyada ondan əsasən çiy halda istifadə edirlər. Şərab, pivə, sirkə, marmelad, cem və dondurma istehsalında da banan əvəzsiz xammal rolunu oynayır. Bananın 300-ə yaxın növü olsa da, istehlak baxımından şirin və nişastalı olmaqla iki növə ayrılır. Şirin bananlar çiy halda yeyilir, yetərincə bərk olan nişastalı bananlar isə tamına görə kartofu xatırladır. Onlar əsasən tərəvəz kimi istifadə olunaraq, qızardılır, pörtlədilir, balıq və ət xörəklərində istifadə edilir. Tərkibində protein və karbohidrat olduğundan bananın qida dəyərliliyi yumurtaya bərabər tutulur. Banan yetişdikcə tərkibində qlükozanın miqdarı artır. Yetişmiş banan meyvəsinin 22 %-dən çox hissəsində karbohidrat və liflər, kalium, manqan, A, B6, B12, C və E vitaminləri mövcuddur. Eyni zamanda banan enerji artırıcı bir meyvə kimi, xüsusilə iştahsızlıq halında, bədənin enerjisinin artması üçün ideal bir seçimdir. Onun tərkibində kalium çox olduğu üçün imtahana hazırlıq zamanı banan yemək olduqca faydalıdır. Çünki banan zehni qabiliyyəti yüksəldir. Yüksək kalium və az miqdarda duz tərkibli banan qan təzyiqinin tənzimlənməsinə də kömək edir. Ürək və damar xəstəliklərinə də faydalı olub, bağırsaq problemlərində sabitləşdirici xüsusiyyətə malikdir. Kaliumla zəngin olması böyrəklərin fəaliyyətinə müsbət təsir göstərir. Banan böyrəklərin iş prinsipini də tənzimləyir, böyrəkdə olan daş və qumların xaric olunmasına kömək edir. Lakin bananın normadan artıq qəbulu qəbizliyə səbəb ola bilər. Ancaq bununla yanaşı qəbizlikdən əziyyət çəkən insanlar üçün də banandan normasında istifadə etmək çox xeyirlidir. Banan siqaret çəkməyi tərgitmək istəyənlər üçün də qiymətli vasitədir. Belə ki, onun tərkibində olan B qrup vitaminlər, həmçinin kalium və maqnezium orqanizmdə nikotinə qarşı dura bilirlər. Göründüyü kimi bananın faydalarını saymaqla bitməz. Amma son dövrlərdə bu faydalı meyvə ilə bağlı bir sıra mənfi fikirlər səslənir. Xüsusilə də sosial şəbəkələrdə bananla bağlı insanları qorxuya salan məlumatlar dolaşır. Bu məlumatların böyük bir hissəsi banan meyvələrinin daxilində bəzən müşahidə olunan qırmızı ləkələrlə əlaqəlidir. Bir sıra insanlar tərəfindən iddia edilir ki, daxilindəki qırmızı ləkə olan bananların tərkibinə guya QİÇS - Qazanılmış İmmun Çatışmamazlığı Sindromu xəstələrinin qanı vurulub... Ancaq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, əslində bu, göbələk və bakteriyaların səbəb olduğu fitopatogen xəstəliklərin əlamətidir. Həmin xəstəliyin əsas əlaməti xaricdən normal görünən meyvə daxilində qırmızı-qəhvəyi rəng çalarlı quru və qırışmış lət hissəsinin əmələ gəlməsidir. Araşdırmalar göstərir ki, sözügedən fitopatogen xəstəliklər yalnız bitkiyə ziyan vurur və insan sağlamlığı üçün onların heç bir mənfi təsiri aşkar edilməmişdir. Qeyd edim ki, uzun müddət əlverişsiz şəraitdə saxlanılan banan meyvələrinin bitki mənşəli xəstəliklərlə yoluxma ehtimalı çox yüksək olur. Ona görə də əlverişsiz şəraitdə uzun müddət saxlanılan bananların istehlak edilməsi tövsiyə olunmur. Onu da qeyd edim ki, bu xəstəliyə nadir hallarda rast gəlinir. Ümumiyyətlə isə banan meyvələri daxilində müşahidə edilən qana bənzər ləkələrin bakterial mənşəli olduğu, “bananın qan xəstəliyi” adlı bakteriya tərəfindən törədildiyi, lakin bitki mənşəli bu xəstəliklə bağlı çoxsaylı xarici elmi ədəbiyyatların təhlil edilməsi nəticəsində xəstəliyin nəinki insana və hətta digər bitkilərə də keçmədiyi, insan orqanizmi və respublikamızın bitki örtüyü üçün təhlükəli olmadığı müəyyən edilmişdir. Dünya elminə isə bu bakteriya ilk dəfə 1920-ci illərdə məlum olmuşdur. Həmin vaxt o hazırda İndoneziyanın Sulavesi adlanan bölgəsində cır banan üzərində aşkar edilmişdir. Həmin bakteriyalar, əsasən məhsul düzgün saxlanılmadıqda xaricdə heç bir əlamət görünmədən, bir neçə həftə ərzində meyvə daxilində inkişaf edə bilir. Amma yetişməmiş halda yığılan və idxal edilən banan meyvələrində aşkar edilmir. Xəstəlik torpaq, yağış suları və tozlandırıcı həşaratlar vasitəsilə yayılır. Yalnız banan bitkisi üzərində müşahidə olunur və digər bitkilər üçün fitosanitar risk daşımır. Banan meyvələri əlverişsiz şəraitdə saxlanıldıqda isə bu xəstəlik inkişaf edərək, meyvələrin xarab olmasına səbəb olur. Musiqi: Vinyasa NEW 2:35 Chris Haugen Embient | Ruhlandırıcı Foto: commons.wikimedia.org

Nə düşünürsən?