İrəvanı Məmməd Əmin Rəsaulzadə verib?

  • 22.06.2020
  • 1K baxış
  • 0

Tarixçi Vasif Qafarov ötən həftə "Space TV"in efirində yayımlanan “Sadə həqiqətlər” verilişində Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı bir sıra məqamlara toxunub. O, İrəvanın Ermənistana güzəştə gedilməsini tarixi yanlışlıq kimi dəyərləndirib. Vasif Qafarovun səsləndirdiyi bu kimi fikirlər digər tarixçilər tərəfindən birmənalı qarşılanmayıb. YENİLİK.AZ xəbər verir ki, həmkarları onu tarixi məqsədli şəkildə təhrif etməkdə və verilişdən sonra bu məsələ haqqında açıqlama verməməkdə ittiham ediblər. Konkret olaraq Firdovsiyyə Əhmədova və Boran Əziz Vasif Qafarovu ciddi tənqid ediblər. Firdovsiyyə Əhmədova sosial şəbəkə hesabında bildirib ki, “Sadə həqiqətlər”in missiyası uğursuz olub: "Missiyanı yerinə yetirənlərin məqsədi iflasa uğradı, təbii olaraq əks nəticə doğurdu. Cəmiyyətə həqiqət adına təlqin etdirilməyə cəhd edilən mülahizələr təzadlığı, bəsitliyi, qərəzliyi ilə tarixi bilgisi cüzi olan şəxsdə belə ən azından kinayə doğura bildi. Cümhuriyyət qurucularının mürəkkəb bir şəraitdə taleyüklü məsələlərin həllində tutduqları mövqeyi imtiyazlı kürsüdən gözə görünməyən aparıcının ( bəlli bilinsə də, kim olduğunun əhəmiyyəti yoxdur, çünki belə xidmət sahibləri yetəri qədərdir) ittihamçı ədası ilə “sadə” tərzdə xülasələndirmək məharəti acı istehzadan savayı bir reaksiya doğura bilməz. Həqiqətin sadəsi, mürəkkəbi olmur. Həqiqətin bir üzü olduğu üçün çox zaman acı hisslər yaradır, amma “Space” tv kanalında iyunun 19-da təqdim olunan “Sadə həqiqətlər”in yaratdığı hiss veriliş müəllifi adına əhəmiyyət verilməyəsi bir boşluq tutumlu idisə, müsahib həmkarımız adına dərin bir ağrı idi ki, məhz bu reaksiyanı verməyimə səbəb oldu. Tarixçi-tədqiqatçının vəzifəsi tarixə nə vəkillik etmək deyil, nə də tarixi ittiham etmək. Elmilik prinsipləri hakimiyyətin niyyətindən, cəmiyyətin arzusundan ali tutulanda irəli sürülən müddəalar qərəzli və məqsədli qarşılana bilməz. Verilişdə müasirliklə aparılan müqayisələr, daha dəqiqi 100 il əvvələ kobud bayağı müdaxilələr gülünc “şərhçilik” fonunda müsahib həmkarım adına yumşaq söyləsəm məyusluq yaratdı. Elminə, savadına, qabiliyyətinə dəyər verdiyim həmkarımın daha dərin məyusluq keçirdiyini güman edərək belə hadisələrin təkrarlanmaması məqsədilə ibrət götürməyi lazım bilirəm: xalqın faciəli tarix səhifələri üzərindən siyasi möhtəkirlik etməyə təşviq edənlərə qarşı qəti mövqe bildirmək! Siyasi möhtəkirlərin elmə müdaxiləsinə imkan verməmək, mənəvi, elmi, eləcə də siyasi əxlaqa zidd olduğunu daim diqqətdə saxlamaq! Siyasi möhtəkirlərin diqqətə almalı mühüm bir məqam var: daxildə düşmən axtarmaq xarici düşmənləri nəinki sevindirir, növbəti həmlələri üçün zəmin yaradır. Daxildə düşmən ovuna çıxmaqdansa, cəmiyyətin mənəvi birliyinə hədəflənmək lazımdır. Bunun yolu zor və təhdiddən deyil, sağlam düşüncədən, real yanaşmadan, tərəfsiz təhlildən, ədalətli davranışdan keçir. Cəmiyyətimizi mütəşəkkil edə biləcək real, həm də zəruri bir platforma mövcuddur: Ərazilərimizin azadlığı uğrunda mübarizə! Bu müstəvidən kənara çıxmaq istəyən ölkə vətəndaşının olması istisna sayıla bilər. Belə zəmində vətəndaş birliyi zamanın tələbi, xalqımızın yeganə qurtuluş imkanıdır". Modern.az olaraq, məsələyə aydınlıq gətirmək üçün Vasif Qafarovun özü ilə əlaqə saxladıq. O, internet imkanlarının məhdud olduğunu və həmkarlarının paylaşımlarını oxuya bilmədiyini söyləyib. Vasif Qafarovu haqqındakı ittihamlarla tanış etdikdən sonra o, bunları deyib: “Mən rayondayam və internet imkanlarım məhduddur. Dostlar zəng edib, həmkarlarımın məni tənqid, hətta bəzilərinin təhqir etdiyini dedilər. Hesab edirəm ki, həmin tarixçilər mənim fikirlərimdən çox, aparıcının müdaxilələrini və verilişin anonsunu izləyiblər. Verilişdə çəkiliş 1 saat yarım olub. Efirə isə cəmi 29 dəqiqə 11 saniyə verilib. Yəni çıxışımın 1 saatı montajda kəsilib, atılıb. Bu mənada bəzi anlaşılmazlıqlar yaranıb. Bu da təbiidir. İndi tarixçilər deyil, hətta dilçilər də reaksiya verirlər. Onları da normal qəbul edirəm. Keçən əsrin 90-cı illərindən bəri tarixşünaslığımızda Cümhuriyyət dövrünə münasibətdə elmilikdən çox emosialılıq ön planda olub və bu münasibət bir çox məsələlərin obyektiv işıalandırılmasına mane olub. Mən indiyə qədər istər tədqiqatlarımda, istərsə də müsahibələrimdə İrəvan məsələsi ilə bağlı nə demişəmsə, "Space"də də eyni mövqeyi ortaya qoymuşam. Əvvəlki çıxışlarıma və tədqiqatlarıma əks bir mövqe ortaya qoymamışam axı burada. Həmin verilişdə də həmişəki kimi nə demişəmsə, hər bir cümləmin arxasında arxiv sənədi dayanır. Orada işlətdiyim elə bir cümlə yoxdur ki, onun arxasında arxiv sənədi dayanmasın və onu əsaslandıra bilməyim. Mən demişəm ki, Batum konfransındakı Azərbaycan nümayəndələrinin, başda Məhəmmədhəsən Hacınski və Məhəmmədəmin Rəsulzadə olmaqla ən böyük səhvi Osmanlı sədrəzəmi Tələt paşanı dinləməmələri idi. Tələt paşa təklif edirdi ki, Cənubi Qafqaz Seymi dağıldığı halda burada iki dövlət yaransın: Gürcü və Azərbaycan dövlətləri. Ermənilər yaşayan ərazilər isə gürcülər və azərbaycanlılar arasında bölüşdürülsün. Yəni erməni dövlətinin yaradılmasına imkan verilməsin. erməni məsələsində ən xeyirli addım çibanı kökündən təmizləməkdir. Azərbaycan nümayəndələri isə başda Məhəmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə olmaqla 9 nəfər Ənvər Paşaya böyük bir müraciətnamə göndərdilər. Bu müraciətnamədə Azərbaycaan nümayəndələri xahiş edirdilər ki, Cənubi Qafqaz Seymi dağıldığı halda nəyin bahasına olur olsun, burada erməni dövləti də yaradılsın. Bunun üçün biz ermənilərə torpaq güzəştə getməyə də hazırıq. Mən bu mövqenin düzgün olmadığını qeyd etmişəm. Kim bunun əksini iddia edirsə, buyursun, müzakirəyə hazıram. Haqqımda tənqid, təhqir və ittihamlar yazanlardan Boran Əziz Kommunist Partiyasını tədqiq edib. O nə bilir cümhuriyyət dövrü nədir? Boran Əziz məni medal həvəsində olmaqda ittiham edib. Medala qalanda, Boran müəllimin özünün son çıxışları elə onun özünün medal sevdalısı olduğunu göstərir. Boran Əzizə mənim arxiv sənədlərinə dayanan çıxışıma görə utanmağı deyil, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxanlarla etdiyi dostluğa və əməkdaşlığa görə utanmağı tövsiyyə edirəm. Firdovsiyyə Əhmədova isə Sovet dövrünün tədqiqatçısıdır, cümhuriyyət dövrünü o cümhuriyyət dövrünün tədqiqatlarından oxuyub öyrənir. Solmaz Tohidi Kominternin İran siyasətini araşdırıb. Haqqımda ittihamlar səsləndirənlər arasında Elmar Həsənli də var deyirlər. O uşaqdır, nə elmi dərəcəsi, nə də elmdə hansısa bir uğuru. Bu şəxslər Cümhuriyyət dövrünün tədqiqatçısı deyillər. Və onların çoxu da ciddi tədqiqatçı deyillər. Bu şəxslər tarix elmində hər şeyi ya anlamırlar, ya da səhv anlayırlar. Ona görə həmin tarixçilər mənimlə bu məsələdə müzakirə açmaq səviyyəsində deyillər. Əgər hər hansı elmi müzakirə açmaq istəyirlərsə, mən buna hazıram". V. Qafarov onu da bildirib ki, tarixçi Cəmil Həsənli də həmin verilişdən sonra onu haqqında təhqiredici fikirlərlə çıxış edib: “Mən bir neçə günə Bakıya qayıdıb, kim nə yazıbsa oxuyaram. Mənə qarşı səslənən ittihamların hamısına cavabımı verərəm. Yenə qeyd edirəm, o verilişdə nə demişəmsə, hamısının arxasında arxiv sənədləri dayanır. Cəmil Həsənli də Cümhuriyyət dövrünün tədqiqatçısıdır. Onun əlində sənədlər varsa, gəlsin, elmi mübahisəyə hazıram. Görürəm ki, haqqımda fikir səsləndirənlər ya o dövrün tədqiqatçısı deyillər, ya da mənimlə müzakirə aparacaq potensialları yoxdur. Ona görə, təhqir, söyüş mövqeyini tutublar. Mən o səviyyəyə enmək istəmərəm. Amma internet imkanım olan kimi geniş izahat verəcəyəm”.Modern.az

Nə düşünürsən?