Bakının bəzi əraziləri niyə susuz qalıb?

  • 11.06.2020
  • 0

Havaların isinməsi ilə bərabər paytaxtın bəzi ərazilərində sakinlər su tapmaqda çətinlik çəkirlər. Bəzi ərazilərə su ya günlərlə verilmir, ya da günün yalnız müəyyən saatlarında aşağı təzyiqlə verilir. Sakinlərin sözlərinə görə, hər dəfə aidiyyatı quruma müraciət etsələr də, onlara problemin qısa zamanda həll ediləcəyi bildirilir, ancaq ortada nəticə olmur. "Azərsu"dan problemin yaranma səbəbinə aydınlıq gətirilib. Koronavirusa qarşı mübarizə aparıldığı və havaların isti keçdiyi bu günlərdə paytaxtın bir sıra bölgələrində yaşayanlar su qıtlığından əziyyət çəkirlər. Su bəzən günlərlə gəlmir və ya o qədər aşağı təzyiqlə gəlir ki, istifadə etmək mümkün olmur. Suraxanı rayonu "Bahar Bağları" massivində yaşayanlar artıq 3 ildir ki, havalar qızan kimi su qıtlığının yarandığını deyirlər. Qış aylarında gün boyu təzyiqlə gələn su, yaz-yay aylarında ancaq gecə - o da çox aşağı təzyiqlə verilir. Üstəlik, bəzən günlərlə ümumiyyətlə su olmur. Xətai rayonu Gəncə prospektində yaşayan sakinlər də bir aya yaxındır su qıtlığından əziyyət çəkdiklərini deyirlər. Sakinlər deyirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyatı quruma müraciət etsələr də, problem həllini tapmayıb. Abşeron rayon Xırdalan şəhəri Bünyad Sərdarov küçəsinin sakinləri də bir neçə gündür su üzünə həsrət qaldıqlarını bildirirlər. Sakinlərin sözlərinə görə, isti günlər bir yana, koronavirus təhlükəsindən qorunmaq üçün də suya böyük ehtiyac olduğu bir zamanda suyun verilməməsi onların həyatlarını təhlükəyə atır. Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, iyunun əvvəlindən havaların isti keçməsi, pandemiyaya görə insanların evdə qalması suya tələbatı xeyli artırıb. Ötən ilin iyun ayının birinci ongünlüyü ilə müqayisədə bu il sudan istifadə 38 faiz artıq olub. Qarşıdakı günlərdə suyun verilməsi sabitləşdiriləcək və problem həllini tapacaq.

Nə düşünürsən?