Silsilə oğurluq edən şəxslər tutuldu

  • 09.06.2020
  • 0

İmişlidə oğurluq edən şəxslər saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon sakini Polis Şöbəsinə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyalarının və pullarının oğurlanması barədə məlumat verib. Faktla bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakini Elbrus Muradov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, o 5000 manat dəyərində qızıl-zinət əşyaları, 4000 manat pul və 650 ABŞ dolları oğurlamaqla zərərçəkənə 10 min manatdan artıq ziyan vurub. Keçirilən digər əməliyyat tədbirləri nəticəsində 3000 manat dəyərində 2 baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən rayon sakinləri Umud Umudlu və Qəzənfər İsaqlı da saxlanılıb. Qəzənfər İsaqlının ətrafında davam etdirilən araşdırmalarla onun rayon ərazisindəki market, bərbərxana və poçt köşkündən tütün məmulatları, danışıq kartları və televizor oğurlamaqla vətəndaşlara 1400 manat dəyərində ziyan vurduğu da müəyyən edilib. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.