Əhaliyə vacib xəbər: Həbs olunma təhlükəniz var

  • 05.06.2020
  • 0

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar ikigünlük məhdudiyyət zamanı polis əvvəlki kimi gücləndirilmiş iş rejimində çalışacaq. Bunu APA TV-yə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. O bildirib ki, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir. Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər fərdi minik avtomobillərinin hərəkətinə də icazə verilmir. "İcaze.gov.az" portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazə verilən şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz. Kamran Əliyev həmçinin qeyd edib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq. İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək cərimə ediləcək, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər 2000 manatdan 5000 manatadək məbləğdə cərimə edilə bilər.

Nə düşünürsən?