Vergi və sosial qanunvericiliyə yeni dəyişikliklər edilir

  • 03.06.2020
  • 0

Azərbaycan Prezidentinin fərmanları ilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” qanunda dəyişikliklər təsdiq edilib. APA TV xəbər verir ki, dəyişikliyə əsasən, pandemiyadan zərər çəkən sahələrdə məşğul olan vergi ödəyicilərinə əhəmiyyətli vergi güzəşt və azadolmaları nəzərdə tutulur. Dövlət Vergi Xidmətinin İdarə rəisi Əvəz Quliyevin sözlərinə görə, bir il ərzində qüvvədə olacaq sənədin tələbinə görə, bura əsasən ictimai-iaşə ödəyiciləri, daşımaları həyata keçirən şəxslər, mehmanxanalar, turizm operatorlar, turizm agentlikləri, çatdırılma üzrə xidmət göstərən şəxslər, tədris kursları, idman və sağlamlıq mərkəzləri, eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətləri məhdudlaşdırılmış vergi ödəyiciləri daxildir: “Həmin vergi ödəyicilərinə münasibətdə bir il müddətinə əhəmiyyətli vergi güzəştlərinin verilməsi nəzərdə tutulub. Pandemiyadan zərər çəkən bu kateqoriyadan olan şəxslər 2020-ci il ərzində əmlak və torpaq vergilərindən tam azad olunur. Əldə etdikləri mənfəətin gəlirinin 75 faizi vergidən azad olunur. Bununla yanaşı, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əgər fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürüblərsə, bu zaman həmin əmlaka görə ödənilən icarə haqqının dərəcəsi də 14 faizdən 7 faizə endirilir”. Bunlarla yanaşı, daşınma fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə münasibətdə verginin baza hissəsini təşkil edən müvafiq məbləğ də 50 faiz həcmində azaldılır. İdarə rəisi həmçinin pandemiyadan zərər çəkməyindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən və 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicilərinə münasibətdə də sadələşdirilmiş verginin dərəcəsi 2 faizdən 1 faizə endirildiyini qeyd edib. Vergi güzəşt və azadolmalarla yanaşı, həmin kateqoriyadan olan vergi ödəyicilərinə münasibətdə hesabatların təqdim edilməsi və vergilərin ödənilməsi müddətlərinə də tətillərin verilməsi nəzərdə tutulub. Əvəz Quliyev bildirib ki, zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri, mikrosahibkarlıq subyekti olmayan şəxslər qanunla müəyyən olunmuş mənfəət və əmlak vergilərinin bəyannamələri vergi orqanlarına 31 mart tarixinədək təqdim edilirdisə, həmin hesablanmış vergilərin ödənilmə müddəti də son olaraq 1 sentyabr 2020-ci il tarixi kimi müəyyən edilir. Bunlarla yanaşı, pandemiya dövründə vergi ödəyiciləri təsərrüfat subyektlərində dezinfeksiya işləri görüb və xərc çəkiblər. Həmin xərclər isə məhdudlaşdırılmadan birbaşa gəlirdən çıxılan xərclərə aid ediləcək. Vergi Məcəlləsi ilə yanaşı, “Sosial sığorta haqqında” qanunda da dəyişiklik edilib və bəzi fərdi sahibkarların, müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslərin sosial sığorta öhdəlikləri və sosial sığorta yükü optimallaşdırılıb: “Sosial sığorta haqları fərdi sahibkarlar tərəfindən minimum əməkhaqqının faiz nisbətində hesablandığından və bu əməkhaqqı da müxtəlif vaxtlarda artdığından, sosial sığorta üzrə həmin sahibkarların yükü artmış olurdu. Bu məqsədlə sosial sığorta haqqında qanunvericiliyə də dəyişiklik edildi. 2020-ci ilin 1 aprelindən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə minimum əməkhaqqının (250 manat) sosial sığorta haqqı 25 faiz dərəcə ilə, digər sahələrdə isə 25 faizdən 15 faizə qədər endirilib”. Dövlət Vergi Xidmətinin idarə rəisi eyni zamanda həmin faiz dərəcələrinin Bakı şəhəri və ölkənin digər regionları üzrə də differensiallaşdırıldığını vurğulayıb. Qeyd edib ki, fərdi peşə fəaliyyəti ilə məşğul olan öz vergi öhdəliklərini sabit qəbz almaqla yerinə yetirən şəxslərə münasibətdə də sosial sığorta öhdəliklərinin də sabit qəbz almaqla yerinə yetirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilərək, həmin şəxslərin sosial sığorta öhdəlikləri azaldılıb.