Şamaxıda infrastruktur yenilənir

  • 02.06.2020
  • 0

Mayın 25-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şamaxı şəhərinə səfəri zamanı açılışını etdikləri yeni binalar və fərdi evlərdə artıq yaşayış var. İllərdir ki, yararsız binalarda məskunlaşmış Şamaxı sakinləri yeni mənzillərində hər cür şəraitlə təmin olunublar. Xezerxeber.az-ın məlumatına görə, ötən il baş vermiş zəlzələdən sonra rayonda 205 ev tikilib, 1219 ev bərpa və 1125 ev təmir olunub. Ümumilikdə 174 mənzilli, o cümlədən 4 mərtəbəli 44 mənzilli, 5 mərtəbəli 20 mənzilli və 5 mərtəbəli 110 mənzilli binaların tikintisi başa çatdırılıb. Görülən bütün bu işlərə Heydər Əliyev Fondu çox mühüm töhfələr verir. İndiyədək Fond tərəfindən 35 fərdi ev inşa edilib və 12 evdə bərpa işləri aparılıb. Bir sıra sahələrdə, o cümlədən şəhər təsərrüfatı, kommunal, səyyar tibbi və digər sahələrdə xidmətin keyfiyyəti yaxşılaşdırılır. Bu səbəbdən Şamaxı rayonuna çoxlu sayda nəqliyyat vasitələri və xüsusi texnikalar, o cümlədən sərnişindaşımanın yüksək səviyyədə təşkili üçün 10 avtobus ayrılıb. Rayonun kommunal təsərrüfatında bundan sonra məişət tullantıları daşıyan, küçə süpürən və yuyan, qartəmizləyən və digər müasir texniki vasitələrdən istifadə ediləcək. Texnika və nəqliyyat vasitələri seçilərkən rayonun turizm potensialı, seysmik ərazidə yerləşməsi və landşaftı nəzərə alınıb. Heydər Əliyev Fondu tərəfindən Şamaxı şəhərində inşa edilən 2 nömrəli körpələr evi-uşaq bağçası da artıq körpələrin yolunu gözləyir. Rayon ərazisində infrastrukturun yaxşılaşdırılması işləri bundan sonra da davam etdiriləcək. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?