Milli Məclis “maska cərimə”si haqqında qanunu qəbul edib

  • 02.06.2020
  • 0

Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. APA TV-nin xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə də (205-1) əlavə edilib. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə 500 manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq. Bununla yanaşı, “ünvanlı dövlət sosial yardım”ın təyin olunması müddəti də azaldılıb. Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən isə bu müddət 2 il idi. Hər üç qanun layihələri səsə qoyularaq qəbul edilib.

Nə düşünürsən?