Daha iki banka və iki sığorta şirkətinə möhlət verildi

  • 01.06.2020
  • 0

Bu gündən başlayaraq "Atabank" və "Amrahbank" ASC-lərdə 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə "Kapitalbank" ASC-nin filiallarında ərizələrin qəbulu və kompensasiyaların verilməsinə başlanılıb. APA TV-nin məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, bağlanmış banklarda qorunan əmanətlərin həcmi 680 mln. manat təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev çıxışında deyib ki, bu bankların kredit portfeli 1,217 mlrd. manatdır və bu vəsaitin yığımını fond həyata keçirəcək. Həmin vəsaitin 200 mln. manatı Əmanətlərin Sığortalanması Fondunun vəsaitləri hesabına, 480 mln. manatı isə AMB-dən dövlət zəmanəti ilə kredit şəklində veriləcək. Onun sözlərinə görə, artıq Maliyyə Nazirliyinə müraciət edilib. Qısa müddətdə vəsait veriləcək. E.Rüstəmov qeyd edib ki, əmanətlərin bir qismi valyutadadır və AMB bununla bağlı üzərinə öhdəlik götürüb. Təxminən 200 mln. valyuta formasında veriləcək. Sədrin sözlərinə görə, əmanətlərin sığortalanması ilə bağlı yeni strateji baxışı ilin sonuna kimi formalaşdıracağıq. Hazırda Əmanətlərin Sığortalanması Fondu ilə birlikdə müzakirə aparılır və onun iqtisadiyyata, əmanətçilərə mümkün təsirləri qiymətləndirilir. Bundan əlavə, sədr bağlanan banklara məxsus sığorta şirkətlərinin maliyyə vəziyyətinin diqqətdə olduğunu söyləyib: "Yoxlamalar göstərir ki, "AtaSığorta"da vəziyyət sağlamdır. "Amrah Sığorta” və "Rəvan Sığorta"da isə kapital çatışmazlıqları var. Hər iki sığorta şirkətinə qısa möhlət verilib ki, kapitallarını bərpa etsinlər". Bundan əlavə, Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankının "Accessbank" və "Rabitəbank"a audit hesabatlarının təqdimatı üçün möhlət verdiyini də diqqətə çatdırıb.

Nə düşünürsən?