Azərbaycan Türkiyə ilə bağlı bu tələbi ləğv etdi

  • 01.06.2020
  • 0

Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA TV-nin məlumatına görə, sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, keçən dövr ərzində Azərbaycanla Türkiyə arasında xarici ticarət dövriyyəsinin dəyəri 33% artaraq, 4,5 milyard ABŞ dollara çatıb: “2019-cu ildə Azərbaycanın bu ölkəyə ixracının dəyəri 36% artaraq 2,9 milyard ABŞ dolları təşkil edib. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1,2 milyard ABŞ dollara çatıb. Azərbaycan Türkiyə iqtisadiyyatına 8,5 milyard ABŞ dolları, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard ABŞ dolları investisiya qoyub”. Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi deputatların müzakirəsinə verilib. Layihə barədə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Sazişə əsasən, Azərbaycana 90 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. “Bu saziş Azərbaycan tarixində ən əhəmiyyətli sənədlərdən biridir” - deyən deputat Fazil Mustafa qeyd edib ki, viza ilə bağlı qəbul olunan dəyişiklik İrana da şamil edilməlidir, amma bir şərtlə: “Bu şərtlə ki, İran Ermənistana verdiyi dəstəyi dayandırarsa, eyni qaydada bu sazişin bağlanmasını təklif etmək olar. Çünki biz əhalinin gediş-əliş məsələsini nə qədər tənzimləsək, bu, bütövlükdə vətəndaşlarımızın xeyrinədir”. Deputat Qüdrət Həsənquliyev isə Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin təmin olunmasını təklif edib: “Türkiyə bir sıra ölkələrlə artıq vətəndaşlıq pasportu ilə gediş-gəlişi təmin edib. Bu, Gürcüstan və Ukrayna kimi ölkələri əhatə edir. Biz qardaş ölkəyik, hesab edirəm ki, bizdə də viza məsələsi aradan qaldırılmalıdır”. Qanun layihələrinin müzakirəsi zamanı Milli Məclisin sədri Sahibə Qafarova deputatlara irad bildirib. O, iclas zalının yuxarısında əyləşən deputatların səsvermədə iştirak edib-etmədiyinin məlum olmadığını deyib: “Orada çox adam telefondan başını qaldırmır. Siz səsvermədə iştirak etdiklərinə əminsinizmi?” Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yalnız Türkiyə ilə gediş-gəlişi var: “Naxçıvandan Türkiyəyə gedənlərin hamısı professor deyil. Onlar arasında mövsümi işə gedənlər də var. 3 ay ərzində onların gedib-qayıtması ancaq qazandıqlarının vizaya və biletə verilməsinə gətirib çıxarır. Naxçıvanla bağlı məsələ bu sazişdə nəzərə alınmalıdır”. Siyavuş Novruzov Naxçıvanla hava əlaqəsinin bərpa olunmasının vacibliyini vurğulayıb: “Pandemiya ilə əlaqədar Naxçıvana gediş-gəliş dayandırılıb. Naxçıvana ABŞ-la eyni sistem yaradıblar. Naxçıvana gediş-gəliş açılmır, ancaq qatarlar, metrolar, iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir. Burada yaşayanlar Azərbaycan vətəndaşlarıdır. Operativ Qərargah bu məsələni nəzərə almalıdır”. Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, bu sənəd qardaş Türkiyə ilə Azərbaycan arasında daha çox gediş-gəlişin artmasına şərait yaradacaq. O, Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin də müraciətini diqqətə çatdırıb: “İyunun 15-də Türkiyədə tədris yekunlaşır. Bu uşaqlar iyunun 15-də istər özəl, istərsə də dövlət yataqxanalarından çıxmağa məcbur olacaqlar. Təxminən 2400 nəfər qeydiyyatdan keçib və onların qayıtması zəruridir. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Bu ailələrin əksəriyyəti uşaqlarının biletlərini almağa da razıdırlar. İyunun 15-nə qədər çarter reyslərlə bu uşaqların ölkəmizə geri qaytarılmasına şərait yaradılmalıdır”.