Taxıl biçini başladı

  • 31.05.2020
  • 0

Azərbaycanda taxıl biçininə start verilir.

Bununla əlaqədar olaraq, “Aqrolizinq” ASC tərəfindən biçinə hazırlıq işləri aparılır, mövcud kombaynlara texniki baxış keçirilir, GPS sazlanma işləri aparılır, həmçinin nasaz vəziyyətdə olan texnikaların təmiri işləri həyata keçirilib, yekunlaşıb. Bu barədə Avtosfer.az-a Agentlikdən məlumat verilib. Bildirilib ki, bu il Respublika ərazisində (Naxtçıvan MR istisna olmaqla) 973749,35 hektar taxıl sahəsi mövcuddur ki, bunun 613460,35 hektarı buğda, 360289,00 hektarı isə arpa sahəsidir. Ölkə üzrə biçinə ümumilikdə 1700-dən çox taxılbiçən kombaynın cəlb olunması gözlənilir ki, bunun 700-dən çoxu “Aqrolizinq” ASC-yə məxsus olan, 990 ədədi isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin istifadəsində olan texnikalardır. Ötən ildə oluğu kimi bu il də, “Aqrolizinq” ASC tərəfindən ilk öncə 50 hektara qədər olan taxıl sahələri biçiləcək. Biçin qiymətləri də ötən ildə olduğu kimi qalır, yəni 1 hektar taxıl sahəsi üçün biçin qiymətinin yuxarı həddi 38 manatdır.

Biçinə əsas hazırlıqlardan biri də, biçin prosesində dislokasiyaya tələbat müəyyən edilməsi, həmçinin biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsidir ki, bu çox vacib şərtlərdən biridir. Bu məqsədlə bu il ilk dəfə olaraq “Aqrolizinq” ASC-nin əməkdaşları tərəfindən kənd və qəsəbələrdə vətəndaşlarla karantin rejiminin qaydalarına əməl edilməklə maarifləndirmə işləri aparılır. Fermerlərə biçin haqqında ətraflı məumatlar verilir, biçin prosesi, biçinə nəzarət, kombaynlar və növbəliliyin vətəndaşların özləri tərəfindən yaradılmasına əməl edilməsinin vacibliyi haqqında tövsiyələr, çağırışlar edilir və verilən suallar cavablandırılır. Bu il biçin zamanı növbəliliyə riayət  edilməsi və növbə pozuntusunun aradan qaldırılması üçün icra nümayəndəlikləri və bələdiyyələr də cəlb ediləcək, biçinə nəzarətin təmin olunması isə Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah və yerlərdə Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) tərəfindən GPS trekerlər vasitəsi ilə həyata keçiriləcək.

Təbliğat-təşviqat kampaniyası zamanı həmçinin, biçində növbəliliyin təmin edilməsi və vacibliyini özündə əks etdirən buklet və braşuralar insanlara paylanılır, kənd və qəsəbələrdə mərkəzi yerlərdə məlumatlatlandırıcı elanlar vurulur. İlk maarifləndirici görüş düşmənlə təmas xəttində yerləşən Füzulinin Qazaxlar kəndində keçirildi. Daha sonra Ağcabədi, Beyləqan, Sabirabad, Hacıqabul, Ağdaş, Yevlax, Bərdə, Tərtər Bərdə, Yevlax, Ağdaş, Hacıqabul, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Samux, Neftçala, Masalli, Yardımlı, Lənkəran, Cəlilabad, Biləsuvar rayonun kənd və qəsəbə sakinləri ilə görüşüldü. Respublikanın bütün  regionlarını əhatə etməklə görüşlər davam etdirilir.

Hörmətli fermerlərimiz, taxıl biçini zamanı kənd və qəsəbələrdə növbəliliyin təmin edilməsi vacibdir. Buna görə də, biçin zamanı növbəliliyə əməl edilməsini sizdən xahiş və tövsiyə edirik. Unutmayaq ki, növbəlilik prinsipinə əməl etməsək biçin zamanı vaxt və məhsul itkisinə şərait yaratmış oluruq.

Nə düşünürsən?