300-dən artıq küçə və prospekt dezinfeksiya olundu

  • 30.05.2020
  • 0

Bakıda növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. APA TV-nin məlumatına görə, ölkə başçısının həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda koronovirus pandemiyasına qarşı mübarizə daha da genişləndirilib. Bu məqsədlə şəhərin bütün rayonlarında tədbirlər davam edir. BŞİH-in şöbə müdirinin müavini İsrafil Kərimovun sözlərinə görə, görülən tibbi-profilaktik tədbirlər çərçivəsində bu gün səhər saatlarından başlayaraq paytaxtın 300-dən çox əsas küçə və prospektində dezinfeksiya işləri aparılıb. Proses kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə son bir ay ərzində artıq 4-cü dəfə həyata keçirilib: “Bu işlərlə yanaşı həftə ərzində bina və digər ümumi istifadə yerlərində də dezinfeksiya tədbirləri aparılıb. Tədbirə Bakı Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan xüsusi avtotexniki nəqliyyat vasitələri cəlb olunub. Eyni zamanda Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı texnikası da iştirak edib”. Mərkəzi küçələrlə yanaşı, paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Gün ərzində paytaxtın kommunal xidmətlərinin 2000 nəfərdən çox əməkdaşı tərəfindən də dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yolkənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb. Qeyd edək ki, paytaxtda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

Nə düşünürsən?