Maşını ilə 13 nəfəri əzən qadına cinayət işi açıldı

  • 28.05.2020
  • 0

“Ötən gün Mingəçevirdə 13 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası ilə bağlı cinayət işi açılıb”. Bu barədə Oxu24.com-a Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib. O qeyd edib ki, baş verən hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb: “Faktla bağlı ekspertizalar təyin edilib”. Qeyd edək ki, dünən Mingəçevirdə “Opel” markalı minik avtomobilinin qadın sürücüsü maşını kütləyə çırpıb. Nəticədə, 13 nəfər xəsarət alıb, onlardan 10-u uşaq olub.