“Saytların əksəriyyəti Avropa İnsan Haqları Məhkəməsinin qərarını düzgün tirajlamayıb.” KONKRET.az xəbər verir ki, BAXAR.AZ-a bu barədə Ramil Səfərov danışıb. O, eyni zamanda, xaricdə və Azərbaycanda yaşayan separatçı fəalların onun haqqında sosial şəbəkələrdə məqalələr dərc etməsinə də münasibət bildirib: “O şəxslərin fikirləri mənim üçün əhəmiyyətli deyil. O şəxslər çıxıb desə idi ki, biz Ramil Səfərova dəstəyik, mənim üçün təhqir olardı. Azərbaycan cəmiyyəti də, dövləti də nə etdiyini çox yaxşı bilir.” Qeyd edək ki, 2012-ci ildə Macarıstan hökuməti Azərbaycanın müvafiq müraciəti üzrə R.Səfərovu Azərbaycana təhvil verib, o, Azərbaycanda əfv olunub. Həmin vaxt vəfat etmiş erməni hərbçisinin ailəsi AİHM-ə şikayət edib. Ərizəçilər iddia edirdi ki, hərbçinin Azərbaycanda əfv edilməsi İnsan Haqları üzrə Avropa Konvensiyasının 2-ci maddəsinə uyğun olmayıb. Ərizəçilər bundan əlavə, R.Səfərovun Azərbaycanda həbs cəzasının qalan hissəsini çəkəcəyi mövzusunda məcburedici təminat almadan Azərbaycan tərəfinin tələbini təmin etməsi ilə Macarıstanın Konvensiyanın 2-ci maddəsini pozduğunu da iddia edirdilər. Onlar tələb etmişdilər ki, Məhkəmə cavabdeh dövlətin üzərinə R.Səfərovun əfv edilməsi qərarının ləğv olunması barədə ümumi tədbir məcburiyyəti qoysun. AİHM-in qəbul etdiyi qərarda göstərilir ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər. Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerlinq təzminat ödəməlidir. Təzminat xərc və məsrəflərə görədir. Bu isə Azərbaycan hökumətinin iddiaçıların məhkəmə xərclərinin ödəməsindən ibarətdir.