İt döyüşləri təşkil edənləri hansı cəza gözləyir?

  • 26.05.2020
  • 0

Sosial şəbəkələrdə qanunsuz it döyüşləri keçirən şəxslərin görüntüləri yayılıb. Belə ki, onlar;n itləri ölənə qədər döyüşdürdüyü, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirdikləri iddia olunub.

Redaktor.az xəbər verir ki, məsələ içtimailəşdikdən sonra Daxili İşlər Nazirliyi (DİN) həmin şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.

Maraqlıdır, qanunsuz it döyüşləri keçirən şəxsləri hansı cəza gözləyir?

Məsələ ilə bağlı hüquqşünas Səməd Vəkilov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində heyvanlara qarşı qeyri-insani rəftar və zorkılıqla bağlı xüsusi maddə yoxdur:

“Bu hərəkətləri edən şəxlərə qarşı hər hansı cinayət məsuliyyətindən söhbət gedə bilməz. Bu halların cinayət məsuliyyəti daşıması üçün məcəllədə bununla bağlı maddə olmalıdır. Çünki qüvvədə olan Cinayət Məcəlləsində nəzərdə tutulan əməl cinayət hesab olunmur. Bu səbəbdən belə halların qarşısını almaq üçün Cinayət Məcəlləsinə dəyişiklik edilməsi lazımdır. Çünki burada heyvanlara qarşı qeyri-insani rəftar və zorakılıqdan söhbət gedir”.

S. Vəkilov həmin şəxslərin sadəcə İnzibati Xətalar Məcəlləsinə uyğun cərimə oluna biləcəyini bildirib:

"Qanunsuz şəkildə it döyüşləri keçirən şəxs və ya şəxslər İXM-nin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə) 500 manat məbləğində cərimə edilir". 

Vəkil hətta Avropanın əksər ölkələrində bu tip hadisələrə görə azadlıqdan məhrumetmə cəzasının tətbiq edildiyini bildirib:

"Avropada heyvanlarla rəhmsiz davranaraq, onları şikəst, yaxud tələf edən şəxslər məsuliyyətə cəlb olunur və bir neçə il müddətinə azadlıqdan məhrum edilirlər".

Nə düşünürsən?