Yol polisi azyaşlı uşağa belə kömək etdi

  • 24.05.2020
  • 0

Bu gün Qara Qarayev və Nəsimi küçələrinin kəsişməsində azyaşlı qız uşağının vəziyyəti pisləşib. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin 1-ci tağımının əməkdaşı, 99 YP 318 dövlət nömrə nişanlı patrul avtomobili ilə xidmət aparan polis baş serjantı Elçin Əlizadə hadisə yerinə gəlib. Hadisə barədə Avtosfer.az-a danışan polis baş serjantı bildirib ki, gənc qadın və azyaşlı qızı yolun kənarında oturmuş görəndə yaxınlaşıb. "Gördüm ki, uşağın rəngi ağarıb, özü də buz kimidir. Halı da yox idi. Tez maşına əyləşdirdim və ilkin tibbi yardım göstərdim. Su içirdik. Bir az özünə gəldi. Daha sonra patrul avtomobili ilə təcili yardıma çatdırdıq. Həkimlərin müdaxiləsindən sonra uşağın həyatı təhlükəsi keçdi. Azərbaycan polisi olaraq vətəndaşlarımıza xidmət etməkdən hər zaman şərəf duyuram."

Qeyd edək ki, uşağın valideynləri və qohumları yol polisinin bu addımına görə təşəkkür ediblər.

Xatırladaq ki, Elçin Əlizadənin atası İmamverdi Əlizadə şəhid milli qəhrəmandır. 

Videonu təqdim edirik:

Nə düşünürsən?