“Maaş kart”ları ilə bağlı yoxlamalar başlanıb

  • 23.05.2020
  • 18 baxış
  • 0

İctimai işlərə cəlb olunan vətəndaşların işə davamiyyətini yoxlamaq və əməkhaqqı kartlarının özlərində olub-olmadığını müəyyən etmək üçün monitorinqlər davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən keçirilən monitorinqlər zamanı bu il ərzində mindən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. İctimai işlərə cəlb olunan vətəndaşların işə davamiyyəti və əməkhaqqı kartlarının özlərində olub-olmaması məsələsinə ciddi nəzarət edilir. Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tədbirlər görülür. Nazirliyin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızının sözlərinə görə, "DOST İş Mərkəzi" işsiz və işaxtaran şəxslərin ictimai işlərə qəbulu, əməkhaqlarının ödənişi, yerlərdə ictimai işlərin təşkili ilə bağlı vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqləri davam etdirir. Keçirilən monitorinqlər zamanı ötən il 5 mindən çox, bu il isə 1100-dən çox ictimai işçinin iş yerində olmadığı aşkar edilib. Onların ümumiyyətlə işə cıxmadıqları barədə şübhələr yarandığı üçün müəyyən olunan faktlar rəsmiləşdirilərək aidiyyəti üzrə təqdim edilib. Əsmər Nəcməddinqızı bildirdi ki, ötən il "DOST İş Mərkəzi" tərəfindən 25 faizi Bakıda, qalanları bölgələrdə olmaqla, 38 min haqqı ödənilən ictimai iş yeri yaradılıb. Həyata keçirilmiş monitorinq, nəzarət və digər tədbirlər nəticəsində 38 min ictimai iş yerindən əlavə 9 min şəxsin də məşğulluğu təmin olunub, bununla yanaşı 25,7 mln. manat büdcə vəsaitinə qənaət edilib. 2020-ci ildə isə pandemiya ilə əlaqədar məşğulluğa dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən, bu iş yerlərinin sayının 90 minə çatdırılması işləri aparılır. Artıq 61 mindən çox belə iş yeri yaradılıb. Ödənişli ictimai işlərin təşkili ilə bağlı ictimai aşkarlığın və bu sahədə ictimai nəzarətin təmin olunması üçün ictimai işçilərin şəhər və rayonlar üzrə adlı siyahıları qurumun rəsmi internet səhifəsində açıqlanıb və mütəmadi yenilənir.

Nə düşünürsən?