Avtobuslarda karantin qaydalarına əməl edilmir

  • 21.05.2020
  • 0

Bakıda fəaliyyət göstərən avtobuslarda sərnişin sıxlığı yaşanır. Bu hal xüsusən SMS icazə sistemi ləğv edildikdən sonra daha çox müşahidə edilir. Hətta elə hallar olur ki, sıxlıq səbəbindən avtobusların qapıları çətinliklə bağlanır. Xezerxeber.az-ın məlumatına görə, belə bir görüntü metronun "Neftçilər" stansiyasının yaxınlığında avtobus dayanacağında lentə alınıb. Xüsusi karantin rejimi ilə əlaqədər bir müddət tətbiq olunan SMS sisteminin ləğv edilməsi marşrut avtobuslarına tələbatı artırıb. Xüsusilə günün pik saatlarında avtobuslarda həddindən artıq sərnişin sıxlığı yaşanır. Analoji vəziyyət Abşeron rayonu Xırdalan şəhərindən paytaxta gələn sərnişin avtobuslarında da yaşanır. 135 saylı marşrut avtobusunda ciddi sərnişin sıxlığı müşahidə edilir. Xəttə buraxılan marşrutlarda nəinki sərnişinlər, hətta bir çoxunda sürücülər də tibbi maskadan istifadə etmirlər. Məsələ ilə bağlı 135 saylı marşrut xəttinə cavabdeh şirkətin nümayəndəsi Mahmud Məmmədov bildirir ki, hər gün sürücülərlə fərdi söhbətlər aparılır. Eləcə də onlara tibbi maskalar paylanır. Əgər pandemiya dövründə qaydalara əməl etməyən sürücü varsa, onlar barəsində tədbirlər görüləcək. Avtobusda sərnişin sıxlığına gəldikdə isə, Mahmud Məmmədov bu məsələyə onların nəzarət etmədiyini deyir. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, tələbat və mövcud vəziyyət nəzərə alınaraq xəttə ehtiyat avtobuslar buraxılıb. Sosial məsafəyə riayət etmək isə vətəndaşların fərdi məsuliyyətidir. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?