Gəncədə bina yenidən tikilərək istifadəyə verildi

  • 19.05.2020
  • 0

2018-ci ildə Gəncədə qaz sızması nəticəsində baş verən partlayış zamanı yararsız vəziyyətə düşən bina yenidən tikilərək sakinlərin istifadəsinə verilib. APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin Şahlar Hüseynov 13 A ünvanda inşa edilən 5 mərtəbəli yaşayış binası 50 mənzildən ibarətdir. Mənzillərdən 22-si bir otaqlı, 16-sı 2 otaqlı, 12-si isə 3 otaqlıdır. Bu gün 36 mənzilin açarı ev sahiblərinə təqdim edilib. Bu ailələrdən biri də Pərvin Mustafayevadır. Müsahibimiz deyir ki, onun mənzili iki otaqlı olub. Partlayış zamanı mənzilinə ziyan dəydiyindən bu günə kimi ailəsi ilə birlikdə kirayədə yaşayıb. Sədaqət Sultanovada partlayış nəticəsində zərər çəkənlərdəndir. Onun sözlərinə görə, güclü partlayış zamanı onunda mənzilinə ziyan dəyib. Bu gün isə onlar dövlət tərəfindən yenidən tikilən binada mənzillə təmin olunublar. Qeyd edək ki, yeni tikilən bina iki blokdan ibarət olmaqla ümumi sahəsi 4570 kvadratmetr ərazini əhatə edir. Tam təmir edilən mənzillərin açarları ev sahiblərinə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən təqdim olunub. Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib. Daha bir nəfər, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb.

Nə düşünürsən?