Azərbaycanda sirli kənd

  • 17.05.2020
  • 0

Son illər Qusar rayonunun əsrarəngiz təbiət mənzərələri ilə zəngin Ləzə kəndini ziyarət edən turistlərin sayı xeyli artıb. Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4 min 242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndi Azərbaycanın şəlalələr diyarı da adlandırırlar. Oxu24.com xəbər verir ki, Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir. Yerli sakinlər bildirirlər ki, həm yay, həm də qış fəslində kənddə turistlərə rast gəlmək mümkündür. Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 170 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 28 ev var. Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir. Qeyd edək ki, 2013-cü ildə kənd ərazisində Şahdağ Milli Parkının nəzarət-buraxılış məntəqəsi inşa olunub. Kənddən video rportajı təqdim edirik: