Bu rayonda tarixi abidə dağıdıldı

  • 13.05.2020
  • 0

Qobustan rayonu Sündü kəndi ərazisində məktəb tikintisi zamanı qədim abidə dağıdılıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, məktəb binasının bünövrəsi qazılarkən 1,0-2,5 metr dərinlikdən müxtəlif ölçülü saxsı qablar aşkar edilib və onlar kənd sakinləri tərəfindən götürülüb. Bununla əlaqədar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyinin göstərişi ilə Şamaxı-Ağsu arxeoloji ekspedisiyanın rəhbəri Akif Quliyev rayona ezam olunub. Əraziyə baxış keçirərkən həqiqətən tikinti sahəsində çoxlu sayda saxsı qırıntıları, kərpic fraqmentləri, ocaq yeri və sümük qalıqlarının olduğu müşahidə edilib. Əldə edilən maddi-mədəniyyət nümunələrinə əsasən həmin ərazinin antik dövrə aid nekropol olduğu müəyyən olunub. Arxeoloqun fikrincə, əraziyə yayılmış daşlara əsasən bu qəbirlərin daş qutu qəbirlər olduğunu güman etmək olar. Torpağın üst qatı ekskavator vasitəsilə götürüldüyündən nekropol dağıdılıb, təbəqə qarışıb. Kənd sakinləri ilə danışıqlardan sonra bir neçə materialın yerini müəyyən etmək mümkün olub. Sündü kənd klubunda və məktəbdə saxlanılan dörd ədəd kiçik ölçülü dolçaya arxeoloq tərəfindən baxış keçirilib. Müəyyən edilib ki, bu qablar antik əsrlərə aid mədəniyyət nümunələridir. Abidədə arxeoloji tədqiqat işlərinin həyata keçirilməsi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Mədəniyyət Nazirliyinin birgə qərarından sonra baş tuta bilər. Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımından unikal bir yerdir. Kənd ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.

Nə düşünürsən?