«Amrahbank»-ın işçiləri etiraz aksiyası keçirib

  • 03.05.2020
  • 0

Aprelin 30-da lisenziyası ləğv olunmuş «Amrahbank»-ın əməkdaşları etiraz aksiyası keçirib. Yüzdən çox bank əməkdaşı bankın əsas filialında toplaşaraq bankın bağlanmasına etiraz ediblər. Onların sözlərinə görə, bank müflis olmayıb və lisenziyasının ləğvi qanunsuzdur. «Bankımız normal fəaliyyət göstərirdi. Birdən-birə bir gün içində heç bir səbəb olmadan bankımızı qanunsuz bağladılar. 700 nəfərdən çox adam işsiz qalıb. Biz tələb edirik ki, işimiz bərpa edilsin. Niyə digər banklara dövlət 60-70 milyon manat pul ayırır, «Amrahbank»-ı isə bağlayır? Belə çətin bir vaxtda, karantin vaxtı bizi işsiz qoyublar». Bank işçiləri həmçinin bildirib ki, aprel ayına görə onlara əmək haqqı verilməyib. «Heç vaxt gecikmə olmayıb. Hər ayın 26-sı maaş alırdıq. Bu dəfə isə gecikmə olub və maaşlarımız verilməyib. Deyirlər ki, maaşlar bir ay sonra veriləcək». Özünü bankın məsul işçisi kimi təqdim edən şəxs toplaşan aksiya iştirakçılarına bildirib ki, onların əmək haqları veriləcək. «Əmək haqları köçürüləcək. Bundan əlavə mən öz şəxsi əlaqələrimdən istifadə edərək əməkdaşları başqa banklarda işlə təmin etməyə çalışacam». Bankın mühafizə xidməti və əraziyə cəlb olunmuş polis əməkdaşları aksiya iştirakçılarını öz iş otaqlarına keçməyə dəvət edib.