Ölüm şəhadətnamələri elektron qaydada əldə oluna bilər

  • 01.05.2020
  • 0

“Elə şəxslər var ki, onların nikahının qeydə alınması ilə bağlı təyin olunmuş vaxt karantin dövrünə təsadüf edib. Buna görə həmin şəxslər öz nikahlarının qeydiyyatı üçün təyin olunan gün müraciət edə bilməyiblər”. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Nahid Səfərli APA TV-yə bildirib ki, həmin vətəndaşların nikahlarının qeydiyyatı zamanı onlara müvafiq köməklik göstəriləcək: “Nikaha daxil olmaq haqqında ərizə vermiş və nikahın bağlanma vaxtı xüsusi karantin rejimi dövrünə təsadüf etmiş şəxslərin nikahının rəsmiləşdirilməsi sosial izolyasiya tədbirləri müəyyən olunmaqla həyata keçirilir. Bu prosesdə yalnız nikaha daxil olmaq istəyən şəxslər iştirak edir. Digər şəxslərin isə iştirakına yol verilmir. Bununla yanaşı, xüsusi karantin rejimi dövründə təntənəli nikah mərasimlərinin də həyata keçirilməsinə yol verilmir”. Həmçinin qurumun əməkdaşı bildirib ki, doğumun dövlət qeydiyyatına alınması ilə bağlı qanunvericilikdə 1 aylıq müddət müəyyən olunub. Bir ay müddət keçdikdən sonra üzrlü səbəb olmadan qeydiyyat üçün müraciət olunursa, bu zaman İnzibati Xətalar Məcəlləsinə görə valideynlərə ya xəbərdarlıq olunur, ya da 10 manat məbləğində cərimələnirlər. Lakin karantin rejimi səbəbindən doğumun dövlət qeydiyyatına alınması üçün valideynlərə xüsusi güzəştlər tətbiq olunur: “Belə ki, doğumun qeydiyyata alınması üçün qanunvericiliklə müəyyən olunmuş bir ay müddətində müraciət etməyən uşaqların sağlamlığı barədə təqdim edilməli olan arayış onlardan tələb edilmir. Eləcə də valideynlər qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət etmədikləri üçün bu halın üzrlü hesab edilməsi məqsədilə onlara inzibati tənbeh tədbirləri tətbiq edilmir”. Eyni zamanda vətəndaş bir ay müddətinə müraciət etmədikdə o zaman uşağın doğumu ilə bağlı sağlamlıq arayışı təqdim olunmalıdır. Xüsusi karantin rejimi dövründə isə həmin sağlamlıq arayışlarının da tələb olunmasında vətəndaşlar köməklik göstəriləcək. Bununla yanaşı, 2010-cu ildən etibarən uşaqların doğulması barədə Səhiyyə Nazirliyindən Ədliyyə Nazirliyinin informasiya sisteminə məlumatlar daxil olur. Həmin məlumatlar əsasında uşaqların doğulması barədə ananın yaşayış yeri üzrə bildiriş göndərilir və valideynlər qeydiyyat şöbələrinə müraciət edərkən onların uşaqlarının doğumu dərhal qeydə alınır. Beləliklə, valideynlər uşaqlarının ilk sənədini – doğum haqqında şəhadətnaməsini alırlar. Xüsusi karantin rejimi dövründə isə bu iş daha da genişləndirilib və əhalinin təbii hərəkətinin müəyyən edilməsi üçün ölən şəxslər barəsində məlumatlar artıq Səhiyyə Nazirliyindən informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyi tərəfindən əldə olunur. Daha sonra bu məlumatlar qeydiyyat şöbələrinə ötürülür və dərhal həmin gün qeydiyyat şöbələri tərəfindən ölümün avtomatlaşdırılmış qaydada qeydiyyatı aparılır. Doğumun və ölümün avtomatlaşdırılmış qaydada aparılması həm Dövlət Statistika Komitəsi, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində müxtəlif şəxslərlə bağlı məlumatların onlayn əldə edilməsinə köməklik göstərir. Bununla bağlı ölüm haqqında şəhadətnamələrin gələcək zamanlarda elektron qaydada əldə olunması üçün layihə hazırlanır. Qeyd edək ki, xüsusi karantin rejimi dövründə ötən günədək 1224 nikah bağlanmışdısa, bu gün bu rəqəm 1530 olmuş, habelə 5560 doğum da qeydə alınıb.

Nə düşünürsən?