Yaxşı oxuyan tələbələrə şad xəbər

  • 19.06.2021
  • 0

Ölkəmizdə ödənişli əsaslarla oxuyan tələbələrin təhsil müddətində maddi çətinliklə üzləşməməsi və bütün fikrini dərslərinə yönəltməsi səbəbindən yaradılan Təhsil Tələbə Krediti Fondunun əsas mahiyyəti, ali təhsilin hər kəs üçün əlçatanlığını təmin etməklə yanaşı, təhsildə bərabər imkanların da yaradılmasıdır.

Fond tərəfindən verilən kreditlər 2 qrupa bölünəcək. Birinci qrupa sosial həssas tələbələr daxildir. İkinci qrup isə standart kredit olacaq. Nəzərə alsaq ki, Azərbaycanda 51 ali təhsil müəssisəsindəki 182 min tələbədən 110 mini ödənişli əsaslarla oxuyur, o zaman, faizsiz yaxud da cüzi faizlərlə veriləcək kreditlər təhsil sisteminin inkişafında da xüsusi əhəmiyyətə malik olacaq.

Tələbə kreditləri yalnız əyani təhsil alanlara deyil, həm də qiyabi şəkildə oxuyanlara da aiddir. Öz hesabına oxuyan tələbələri əhatə edəcək kredit məbləğinin yuxarı həddi illik təhsil haqqından artıq olmayacaq. Geri ödənilməsinə gəldikdə isə, ən vacib məqam məhz tələbə kreditinin problemli kreditə çevrilməsinə imkan verməməkdir.

İlkin mərhələdə giriş balları nəzərə alınmaqla veriləcək kreditlərdə əsas şərt yüksək nəticələrin göstərilməsidir. Qeyd edək ki, Təhsil Tələbə Krediti kommersiya məqsədi daşımır və hər hansı səbəbdən götürülən kredit geri qaytarıla bilmədikdə tələbəyə möhlət hüququ veriləcək.

Xatırladaq ki, özəl ali təhsil müəssisələrində oxuyan tələbələr də bu imkandan yararlana biləcəklər. Sözügedən kredit yalnız əcnəbi tələbələrə şamil olunmayacaq.

REAL

 

Nə düşünürsən?