Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi qaydası dəyişir

  • 21.05.2021
  • 0

Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

APA TV-nin xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vətən Müharibəsi qəhrəmanları, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının, habelə vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Eyni zamanda Vətən Müharibəsi qəhrəmanlarının həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar bundan sonra tarixi abidələr sayılacaq.

Bununla yanaşı, Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin formalarına dəyişiklik edilir. Layihəyə əsasən, Vətən Müharibəsi qəhrəmanlarının büstləri qoyulacaq.

Eyni zamanda Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni mütləq ifa ediləcək.

Yeni qanunda Vətən Müharibəsi qəhrəmanlarının gəlir vergisindən azadolmaları və güzəştlərin əhatə dairəsinin genişləndirilməsi də nəzərdə tutulur. Dəyişikliyə əsasən, Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.

Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Nə düşünürsən?