Məhsul bazarındakı çatışmazlıqlar

  • 25.05.2021
  • 0

Azərbaycanda kütləvi istehsal üçün böyük potensiala malik yerli kartof yüksək keyfiyyətinə baxmayaraq, bazarda xaricdən idxal olunan kartofuna uduzur.

Statistikaya görə, istehlak bazarının təxminən 65 faizi xaricdən idxal olunan kartof tərəfindən tutulub.

Belə ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda 44 min tona yaxın kartof istehsal olunub və bunun təxminən 40 min tonu yerli bazarda satılıb, bir neçə min ton isə ixrac edilib. Həmin müddətdə ölkəyə xaricdən 65 min ton kartof gətirilib və yerli istehlak bazarında satılıb. Göründüyü kimi, istehsal üçün təbii şərait və imkanlar olmasına baxmayaraq, yerli kartof xaricdən idxal olunan kartofdan 1,5 dəfə az istehsal olunub ki, bunun da əsas səbəbi fermerlərin qiymət məsələsində idxal kartofuna rəqabətdə uduzması ilə bağlıdır.

REAL TV-nin araşdırmasına görə, xaricdən gətirilən kartofun yerli istehlak bazarında aparıcı mövqeyə çıxması qiymətinin ucuzluğundadır. Bazarda yerli Şəmkir kartofunun kiloqramı 1,5 manata qədər qalxır, nisbətən ucuz Tovuz kartofunun kiloqramı 1,2 manata, Cəlilabad kartofunun kiloqramı isə 80 qəpiyədir. Xaricdən idxal olunan kartofun kiloqramı isə 60-70 qəpikdən baha deyil, topdansatış 50 qəpikdən də almaq mümkündür.

Bu isə, öz növbəsində, məhsulunu sata bilməyən yerli fermeri əkindən soyudur.

15-20 il qabaq Azərbaycan fermeri faraş kartofla təkcə öz bazarımızı deyil, qonşu Gürcüstan bazarını da təmin edirdi və hətta Rusiyaya da kütləvi ixrac təşkil edirdi. Bazarda ticarətçilərin dediyinə görə, yerli kartof hətta yerli supermarket şəbəkələrinə girə bilmir. Bu sözləri kəndli təsərrüfatlarında istehsal edilən süd məhsulları, yumurta, dənli bitkilər və s. barədə də demək olar. Təsadüfi deyil ki, bu, sektorlarda da idxal artır.

Məsələn, bu ilin ilk dörd ayında ölkəyə kərə yağ idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 5 faiz artıb. İdxal edilən bu məhsulların da qiyməti aşağı düşüb. Yəni keyfiyyətlə bağlı oxşar şübhələr yaranır.

Bəzi iqtisadçılar vəziyyətdən çıxmaq üçün müasir texnologiyalardan istifadə etməyi məsləhət görür.

"Bunun həlli üçün yeganə çıxış yolu kənd təsərrüfatı subyektlərinin, bizim fermerlərin fəaliyyət sahəsində daha texnoloji innovativ yeniliklərin tətbiqi zəruridir. Çünki kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində innovativ yanaşma olmadıqca kənd təsərrüfatı sahəsində rəqabət mübarizəsinə hazır olmayacaqlar. Texnoloji məhsulların tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalında hər məhsulun ölçü vahidinə düşən maya dəyərinin aşağı enməsinə, bu isə bazarda raqəbatə davamlı məhsul olaraq ortaya gəlməsinə imkan verəcək."

Başqa ekspertlər isə problemi logistikada görürlər.

Yəni yerli məhsulların iri ticarət obyektlərinə vasitəçisiz daşınması təşkil olunmalıdır. Araşdırmalara görə, yerli məhsullar sahədən ticarət obyektlərinə çatdırılana kimi 3-4 dəfə bahalaşır.

İqtisadçı ekspert Razi Abasbəyli REAL TV-yə müsahibəsində yerli malın Bakıya alıcı üçün əlverişli qiymətdə çatdırılması üçün iri ticarət subyektlərini yerli malı birbaşa fermerdən almağa məcbur etməyi vacib görür.

"İlk növbədə daxili bazarda yerli məhsulun maraqlarını qoyumaq üçün bazarın iştirakçıları qarşısında bir sıra tələblər qoyulmalıdır. İri topdansatış məntəqələrinin, xüsusilə də topdansatış anbarların, hətta iri supermarketlərin qarşısında bir sıra tələblərin qoyulması mühümdür. Böyük supermarketlər və ticarət mərkəzləri xaricdən idxal edilmiş malların satışını təşkil edirsə, onların qarşısında müəyyən bir faiz şəklində tələblər qoyulmalıdır (bu faizlər mərhələli şəkildə dəyişə bilər). Bu tələblərə uyğun olaraq yerli məhsulun bazarda problemsiz şəkildə iştirakını təmin etmək lazımdır"

Yəni ekspert təklif edir ki, iri supermarket zəncirləri və ticarət mərkəzləri özləri logistika qurumları yaradaraq ərzaq məhsullarını birbaşa yerli fermerlərdən alsınlar. Bu qiymətin iki dəfəyə qədər düşməsinə imkan verər. Aradan ən azı iki vasitəçi - məhsulu fermerdən alıb Bakıya gətirən və onlardan alıb supermarketlərə paylayan vasitəçilər qalxar.

Qərbin bütün iri supermarket şəbəkələri bu cür işləyir və onlardan öyrənmək yerli istehsalın xeyrinə olar.

 

Nə düşünürsən?