Karantin qaydalarına əməl etməyənlər cərimələnir

  • 22.11.2020
  • 0

Noyabr ayının 21-dən etibarən artıq ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə qapalı məkanlarla yanaşı açıq ərazilərdə də tibbi maskadan istifadə məcburidir. Xezerxeber.az-ın məlumatına görə, Astarada bu tələbin icrasına nəzarət məqsədilə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı və açıq məkanlarda reyd keçirilib. Reyd zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələblərə əməl etdiyi müşahidə olunsa da, hələ də qaydalara və öz sağlamlığına laqeyd yanaşanlara da rast gəlinib. Eyni zamanda Dövlət Yol Polisi əməkdaşları tərəfindən Astara şəhəri ərazisində taksi xidməti göstərən nəqliyyat vasitələrində də tibbi maskalardan istifadə olunması yoxlanılıb. Sərnişin daşımasına baxmayaraq bəzi taksi sürücülərinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb. Balakən polisi də karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər həyata keçirib. Polis əməkdaşları rayon ərazisində keçirdiyi reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılıb. Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülüb. Şəkidə isə yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb. Polis şöbəsinin əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman rayonun Qoxmuq kənd sakini Fərrux Nəsibov saxlanılıb. Onun koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilib, amma Fərrux Nəsibov qaydaları pozaraq yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb. Bundan əlavə polis əməkdaşları rayon ərazisində reydlərini davam etdirib. Qubada isə karantin rejimini pozaraq fəaliyyət göstərən obyektlər aşkarlanıb. Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar. Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan iki işçi və 8 nəfər müştəri saxlanılaraq polis şöbəsinə gətiriliblər. Həmin şəxslər barəsində cərimə protokolları tərtib olunub. Keçirilmiş digər bir tədbir zamanı rayon ərazisində qaydaları pozaraq fəaliyyət göstərən tikinti materialları mağazası aşkarlanıb. Həmin obyektin fəaliyyəti də dayandırılıb, orada çalışan satıcı və fəhlə barədə inzibati qaydada tədbirlər görülüb. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?