Dövlət Vergi Xidməti toylarla bağlı xəbərdarlıq edib!

  • 22.06.2021
  • 0

Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli 177 nömrəli Qərarı təsdiq edilib. Müvafiq qərara əsasən 2021-ci il 1 iyul tarixindən həmin Qərarla müəyyən edilmiş tələblərə riayət etməklə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilir və həmin tarixdən etibarən bu fəaliyyət üzrə işçilərin və müvəqqəti işə cəlb edilmiş şəxslərin azı 80 faizinin COVID-19-a qarşı birinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması, 2021-ci il 1 avqust tarixindən etibarən isə COVID-19 pasportunun olması tələb olunur. 

APA TV xəbər verir ki, bundan başqa müvafiq qərarla şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda qonaq qismində iştirak edəcək şəxslərin sayı ilə bağlı tələblər müəyyən edilib. İlkin mərhələdə 150 nəfərə qədər iştirakçı olan toy məclislərinin keçirilməsinə icazə verilir. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənliklərdə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19 pasportu olduğu halda icazə veriləcək. 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb olunmur, lakin tibbi maskadan istifadə məcburidir. Bütün hallarda şənlik mərasimində xidmət göstərən heyətin isə (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etməlidirlər. 

Qərara əsasən, şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan heyət barədə, şənlik mərasiminin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir. 

Həmçinin xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə müəyyən olunmuş forma üzrə iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir. 

İctimai iaşə obyektlərində monitorinqlər, habelə 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunması ilə bağlı nəzarət tədbirləri Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçiriləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vergi ödəyicilərinin və onların uçot vahidlərinin aktuallığı daim diqqətdə saxlanılır. 

Faktiki fəaliyyət növü şənlik mərasimlərinin təşkili sahəsinə aid olan obyektlər üzrə təqdim edilmiş ərizə məlumatlarının vergi ödəyiciləri tərəfindən bir daha nəzərdən keçirilməsi, obyekt qeydiyyatına və obyekt məlumatlarında dəyişiklik edilməsinə zərurət yaranarsa müvafiq ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmələri xahiş olunur.

Nə düşünürsən?