Bu gün şəhidimizin doğum günüdür

  • 14.04.2021
  • 0

1988-ci ilin elə bu günündə doğuldu Əli Rzayev. Dünyaya gəlişi ilə Ata-anasının beş bacısının ömrünü bahara döndərdi.

O, 1996-2007-ci illərdə doğulduğu kənddə - Gədəbəy rayonu Düz Rəsullu kəndində orta təhsil alıb. 2007-ci ildə ilk arzusu çiçək açdı - hərbi xidmətə yollandı.

2016-ci ildə Mudafiə nazirliyində təşkil edilmiş moto-atıcı manqa komandiri, qumbara atan manqa komandiri adını qazandı. Bu yüksək peşəyə sahib olan Əli ən böyük amal uğrunda – Vətən uğrunda döyüşlərə qatıldı.

27 sentyabr 2020-ci ildə Murov dağı yüksəkliyi istiqamətində gedən döyüşlərdə ayağından ağır yaralansa da, geri çəkilmədi yaralı halda döyüşə davam etdi.

Səmayə ana “Oğlumun döyüş yoldaşları deyir ki, güllə altından 56 yaralı çıxardı Əli” deyə, qürurunu bizlə bölüşdü.

Dağlar qoynunda, at belində böyüyən Əli Rzayev Tovuz hadisələrindən sonra heç bir yerdə qərar tutmur Ali baş Komandanın döyüş əmrini gözləyirdi.

2020-ci il oktyabrın 1-də Murovun sinəsinə düşmən atəşi tuşlandı. Həmin gün o atəşə oğullarımız özlərini sipər etdilər. Onlardan biri də Əli idi... Elə həmin gün Əli Rzayev qəhrəmanlıq tarixinin zirvəsinə - Şəhidlik zirvəsinə yüksəldi.

Şəhadətindən 79 gün sonra, dekabr ayının 18-də böyüdüyü kənddə dəfn edildi.

Bu gün Əli Rzayevin ad günüdür. Ailəsinin, elinin başını uca edən oğulun bu mübarək gününü bütün Azərbaycan alqışlayır, Məkanın cənnət, ruhun uca olsun!

REAL