210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib

  • 03.03.2021
  • 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzində Vətən müharibəsi qazilərinə göstərilən reabilitasiya xidmətləri ilə tanış olmaq üçün media-tur təşkil edilib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, media nümayəndələri Sumqayıt Reabilitasiya Mərkəzində qazilərimizlə bağlı aparılan reabilitasiya işlərini izləyiblər.

Bildirilib ki, post-müharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verilib. Artıq yüksək texnologiyalı protezlə təminata başlanıb və 15 hərbçi yüksək texnologiyalı protezlə təmin edilib. 

Bundan başqa, müharibədə yaralanmış hərbiçilər mərkəzdə səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla reabilitasiyaya cəlb olunurlar. 

Qazi Kənan Sultanov artıq 20 gündür gəzə bildiyini deyir: “Artıq 20 gündür gəzirəm. Bu xəstəxanada müalicə alıram. Psixiatrdan keçirəm, nevropatoloqdan keçirəm. Belə idman aparatlarından gəlib keçirəm ki, bu da mənə çox kömək olur. Öz təşəkkürümü bildirirəm buranın həkimlərinə, tibb bacılarına. Çox yardımları toxunub bizə. Çox köməklik, yardım göstəriblər”.

Sahil Həsənli də ona göstərilən diqqətdən razıdır: “Masajdır, ultrabənövşəyi şüadır, ultrabənövşəyi səsdir. Cürbəcür texnologiyalardan istifadə olunur. Bu proseslərdən çıxandan sonra, bu müalicəmi bitirəndən sonra inşallah, Allahın izni ilə Bakıda Protez Mərkəzi var, biz orada qeydiyyatdayıq. Ölçülər götürüləcək. İnşallah Allahın izni ilə əməliyyat olunacağıq. Ondan sonra qol qoyulacaq bizə”.

Müəssisədə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Onlara sosial-psixoloji xidmətlər də göstərilir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament direktoru Çingiz Hacıyevin sözlərinə görə, müəssisə il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərmək imkanına malikdir: “Bu müddət ərzində 600 nəfər qazilərimizə 3000-ə yaxın sosial psixoloji dəstək xidməti göstərilib. Bu əsasən, Xaçmaz, Naftalan, Lənkəran, Bakı reabilitasiya Mərkəzi və xüsusilə də 1 saylı Uşaq Bərpa Mərkəzi, həm mərkəzlərimizin daxilində əyani formada müalicə alan müəssisələrdə qazilərimizlə görüş keçirilib. Onların vəziyyətləri dəyərləndirilib. Eyni zamanda ehtiyac olanlara psixoloji yardım göstərilib”.

Məlumat üçün bildirək ki, 2019-2020-ci illərdə Yevlax və Naftalan, Lənkəran, Şəki, Xaçmaz, Şirvan, Sumqayıt Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, bu günlərdə isə Şağan Reabilitasiya Pansionatı istifadəyə verilib. Cari ildə isə Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzlərinin açılması planlaşdırılıb.

Nazirliyin yeni reabilitasiya müəssisələrinin açılması nəticəsində hər il reabilitasiya xidmətləri ilə təmin edilənlərin sayı üç dəfə artaraq 30 minə çatacaq.

Nə düşünürsən?