Şəhid polkovnik-leytenant Raquf Orucova həsr olunan mahnı

  • 02.04.2021
  • 0

Azərbaycan Respublikasının xalq artisti, opera səhnəmizin parlaq ulduzu Fidan Hacıyeva Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” adlı mahnını tamaşaçılara təqdim etdi.  

Unikal.org xəbər verir ki, bu əsərin söz və musiqisi şəhid - pilot,  polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı,  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynovaya məxsusdur. Bu əsəri Fidan Hacıyeva və Könül Hüseynova  Aprel döyüşlərinin 5 illiyinə həsr etmişlər.  

Onu da qeyd edək, vətənpərvərlik mövzusu Fidan xanımın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Onun böyük səs imkanları, vətəninə olan sonsuz sevgisi, millətinin adı ilə anılan hər bir şeyə dərin hörmət və ehtiramı bu janrlı əsərlərin təfsirindəki uğurlarının əsas şərtlərindəndir. Heç də təsadüfi deyil ki, Fidan xanımın məhz bu ali vətənpərvərlik mövqeyi vətəninə həsr olunmuş əsərlərlə bahəm, şəhidlərimizin əziz xatirəsinə ithaf edilmiş mahnıların da milli musiqi xəzinəmizə bəxş edilməsi ilə xüsusi vüsət alır.  Əsərin müəllifi Könül Hüseynovanın bu sayca üçüncü növbəti mahnısıdır. Belə ki, onun söz və musiqi müəllifi olduğu, Xalq artistləri Fidan Hacıyeva və Samir Cəfərovun ifasında təqdim olunmuş “Yenilməzsən Azərbaycan” kompozisiyası, sözləri xalq şairi Vahid Əzizə məxsus, Böyük Teatrın solisti, Gənclər mükafatçısı Atəş Qarayev tərəfindən bu yaxınlarda təqdim olunmuş “Şəhidlik zirvəsində” adlı mahnıları böyük rəğbət qazanan əsərlər sırasındadır.  Əsərin ərsəyə gəlməsində böyük xidmərləri olan, yüksək peşəkarlığı ilə seçilən,  vətənpərvərlik, qəhrəman şəhidlərimiz mövzusundakı işlərdə öz dəst-xətti ilə fərqlənən Azad Vəliyevin xidmətlərini də xüsusilə vurğulamaq yerinə düşərdi. Artıq bir çox işlərdə birgə çalışan bu musiqiçilər qarşıda yeni-yeni vətənpərvərlik mövzusundakı işlərlə tamaşaçıları sevindirməkdə davam edəcəklər.

Nə düşünürsən?