Orucun möcüzəvi sirri ortaya çıxdı

  • 18.04.2021
  • 0

Orucun Möcüzəvi SIRRI ORTAYA ÇIXDI - Avropa alimləri şokdadır Müqəddəs Ramazan ayıdır. Bu ayda oruc tutmaq İslamın beş şərtindən biridir. Ramazan orucu nəfsi tərbiyə edir. Müsəlman çəkdiyi aclıq ilə kasıblara və ehtiyacı olanlara qarşı mərhəmət hissi duyar. Çalışacağam ki, bu ay ərzində Ramazan barədə daha ətraflı videolar hazırlayım. Bugünkü videoda isə orucun faydalarından danışacağam. Özü də elmi araşdırmaların təsdiq etdiyi faydalarından. 2018-ci ildə New England Tibb dərgisində bir məqalə yayımlandı. Məqalədə qeyd edilirdi ki, günün 6-8 saatında yemək yeyib, yerdə qalan 16-18 saatında yeməkdən uzaq durmaq ömrü uzadır. Mütəxəssislər həftənin müəyyən günlərində oruc tutmağın ömrü uzatmaqla yanaşı, bir çox xəstəliklərə yoluxma riskini azaltdığını da yazır. Məqalədə araşdırmanın müəllifləri orucun artıq çəki, şəkərli diabet və ürək-damar problemlərinin müalicəsində xüsusi metod kimi dəyərləndirilməsi təklifi ilə çıxış ediblər. Bunun üçün onlar “gündəlik qida miqdarı” və “həftədə 2 gün oruc tutmaq” adlı 2 üsul da fikirləşib tapıblar. İnsan və heyvanlar üzərində aparılan araşdırmalar oruc tutmağın metabolizmada yenilənməyə səbəb olduğunu, orqanizmin insulinə qarşı müqavimətini artırdığını da ortaya çıxarıb. Orucla bağlı uzun illərlə aparılan tədqiqatlar Qərbdə yeni bir metodun meydana gəlməsinin də təməlində dayanır. Bəli, düz eşitdiniz. Artıq Qərb dünyası da oruc tutmağa başlayıb. Sadəcə, orucun adını dəyişib “fasiləli aclıq” qoyublar. Gün keçdikcə, insanlar öz sağlamlıqlarına daha çox önəm verirlər. Sosioloqların fikrincə, buna səbəb yaşayış şəraitinin yaxşılaşması, sosial problemlərin azalması, yaxud daha asan həll olunmasıdır. Müxtəlif detoks kompaniyaları, yaxud qidalanma pəhrizlərinin Qərbdə getdikcə populyarlaşması mütəxəssislərin diqqətini müsəlmanların orucuna yönəltdi. Şərqdən öyrəndiklərini heç vaxt öz adıyla təqdim etməyən Qərb buna da ad tapdı: “intermittentfasting”. Tərcümə etsək, “fasiləli aclıq”. Son illərdə ən çox tibbi araşdırmalar aparılan sahələrdən biridir “intermittentfasting”. Amma “fasiləli aclığı” guya kəşf edənlər bir şeyi unutmuşdu: oruc, sadəcə, müəyyən zaman kəsiyində ac və susuz qalmaq deyil, sağlam insanların Allaha ibadətinin bir parçasıdır. Müsəlmanlar arıqlamaq, yaxud, daha sağlam olmaq üçün oruc tutmurlar, Allahın əmri olduğu üçün oruc tuturlar. Qərbli mütəxəssislərin müsəlmanların ibadət şəklinə əsaslanaraq apardıqları araşdırmalar isə olduqca maraqlı faktları ortaya çıxarır. İlbəil orucun faydaları haqqında daha yeni məqalələr yazılır, sağlamlığa olan təsirindən öyünülərək bəhs edilir. Məsələn; Qərb alimləri artıq orucun xərçəngin bir çox növlərinin, ürək-damar problemlərinin yaranmasına mane olduğundan əmindir. Bir termin kimi qəfildən meydana atılan “fasiləli aclıq” da bu əminliyin nəticəsidir. Bəs, insan yemək yemədiyi vaxt orqanizmdə nə baş verir? Ümumiyyətlə, aclığın təsirləri yeməkdən 10-12 saat sonra görülməyə başlayır. Çünki, yalnız bu müddət ərzində qandakı qlükozanın tamamı istifadə edilir, qaraciyər ilə əzələ hüceyrələrində depolanan qlükogen qlükozaya çevrilir. Aclıq davam edərsə, tədricən orqanizmdəki yağlar parçalanır, qaraciyər “keton cisimcikləri” adlanan kiçik molekullar istehsal edir. Bu molekullar yağ turşularının parçalanmaları nəticəsində yan maddə olaraq ortaya çıxır və beyin tərəfindən enerji mənbəyi olaraq istifadə edilir. Beləcə, orqanizm artıq yağlardan və yağ turşularından xilas olur. Qərb tibbi “intermittentfasting”in, yəni, “fasiləli aclığın” faydalarını belə sıralayır: İnsulin və leptin həssaslığını artırır. Artıq çəki, diabet, damar bərkiməsi, xərçəngin bir çox növləri kimi xroniki xəstəliklərin yaranma riskini azaldır. Aclıq hormonu olaraq bilinən qrelinin səviyyəsi aşağı düşür. Bu sayədə də yemək istəyi azalır. Böyümə hormonu (HGH) ifrazatı artır ki, bu da sağlamlığın, gümrahlığın əsasını təşkil edir. Üstəlik, böyümə hormonu qocalığı ləngidir. Oksidativ stress azalır, hüceyrələrdəki oksigen radikallarının ehtiyatının azalması protein, lipit və nuklein turşuların oksidləşmədən zərər görməsinin qarşısını alır. İltihablaşma azalır, zamanla yoxa çıxır. Yağ yandırılması artır. Oruc tutmağın immun sistemini yeniləməsi, zərərli hüceyrələri yox etməsi barədə araşdırmanın müəllifi isə Yaponiyalı bioloq Yoshinori Ohsumidir. O, orucun insan sağlamlığına faydalarından bəhs edən tədqiqatı ilə 2016-cı ildə Nobel Tibb Ödülünə layiq görülüb. Yapon aliminin sözlərinə görə: “Orqanizmin özünü yeniləyən sistemləri var. İnsan ac qaldığı zaman beynimiz işləyir. Amma bədənə lazım olan qidanı vermirik. Orqanizmdə yararlı maddələrlə yanaşı, quruluşu dəyişmiş hüceyrələr də var. Aclıq vaxtı leykositlər bu nasaz hüceyrələri yox etmək üçün daha sürətlə hərəkətə keçirlər. Beləcə, orqanizm yenilənir.” Yapon bioloq, həmçinin, 3 günlük orucun yaşlı insanlarda belə immun sistemini yenilədiyini bildirib.