“Cütçü” oynayan şəhid Fədailin dastanı

  • 05.02.2021
  • 0

- Maşını saxladıb ki, oynamaq istəyirəm. Fleş-kartda axtarıb “Cütçü” rəqsini qoyub, özü də qara zurnada. Başlayıb yolun ortasında oynamağa. Doyunca da oynayıb. Sonra dayısına deyib ki, sür, getdik. Yolun ortasında şövqlə rəqs edən o oğlan yadınızdadırmı? Eynən Xudayarın “Vətən yaxşıdır” təsnifi kimi sosial şəbəkələrdə məşhur olmuşdu... Onların evlərindəyik, Qobustanın Bədəlli kəndində. Şəhid Fədail Nadirovgildə, atası Fərhadın ocağında. *** Üç oğul böyüyüb bu evdə. Fədail evin kiçiyi imiş. Atası deyir ki, o biri oğlanlarından fərqli, Fədail hərbçi olmaq istəyirdi. - Açığı, onun hərbçi olmasına razı deyildim. Sən demə, xəlvətcə bütün sənədlərini yığıb veribmiş. Mənə zəng oldu ki, oğlunuz müddətdən artıq hərbi xidmət üçün sənədlərini verib, razısınızmı? Nə mən, nə anası razı olmadıq. Fədail də eləmə tənbəllik, bir müddət sonra dayısının nömrəsini verib müvafiq quruma ki, atam razıdı, danışın. Dayısı da onu o qədər çox istəyirdi ki, sözündən çıxmayıb, özünü ata kimi təqdim edib... *** Müharibənin ilk günündən döyüşə atılır Fədail. Fizulinin onlarla kəndinin azad olunmasında iştirak edir. Atası deyir ki, kəşfiyyatçı imiş Fədail. - Heç vaxt döyüşdən, harada olmasından danışmazdı. Zəng edəndə gah deyirdi ki, Fizulidəyəm, gah Cəbrayılda. Dəqiq yerini demirdi. Amma tez-tez deyirdi ki, hər şey yaxşı olacaq. Hə, bir dəfə də danışanda dedi ki, axşam filan kanala baxın, bizi göstərəcəklər. Axşam həqiqətən də göstərirdilər. Biz də bilirdik haradadır. İndi-indi döyüş yoldaşları müxtəlif videolar göndərirlər, baxırıq. Məsələn, videoların birində Fizulinin kəndlərində oturub yemək bişirirlər, deyir ki, buranı aldıq, arzumuza çatdıq. Oradakı çəkilişlərin birində eynən Xudayar kimi mahnı da oxuyur. Mahnı demişkən, Fədailin belə oxuyub-oynaması da təsadüfi deyil. Digər bir həmsöhbətimiz, Qobustan rayon icra hakimiyyətinin şöbə müdiri Elman Mikayılov deyir ki, Fədailin anası Qobustanın Nabur kəndindədir. O kənd musiqiyə, şeirə, saza bağlı kənddi. - Qədim aşıq, muğam sənətini orda mükəmməl bilirlər. Fədailin babaları adlı-sanlı aşıqlar olublar. Necə deyərlər, gendən gələn bir şeydi, Fədailin oxumağı. Bir söz də deyim, naburluların xüsusi oynamaqları da var. Bu cür oynamaq da oradan gəlib. Əsas da qara zurnanın ifasında. “Cütçü” isə Fədailin sevimli rəqsi olub. Bütün toylarda da bu rəqsi oynayarmış. Atası deyir ki, bir dəfə anası, xalası evdə oturublar. Həmin ərəfədə müddətdən artıq həbi xidmətə yollanacaqdı. Evdə kimsə gizli çəkir. Bu da deyir ki, şəhid olsam, mənim üçün şərəfdir. Torpaq bizim deyil? Onun üçün şəhid olsam, sevinin. Atası bir maraqlı məqamdan da danışır. Deyir, qardaşının oğlu olmuşdu. - Zəng elədi ki, atamın adını qoysunlar: Fərhad. Amma sonra nə fikirləşdisə, gülə-gülə anasına dedi ki, evdə bir Fərhad var da, mənim adımı qoyarsınız. Görünür, ürəyinə nəsə damıbmış. Hə, zəngdən söz düşmüşkən, sonuncu dəfə oktyabrın 25-də danışıb evləriylə. Fərhad kişi deyir ki, döyüş yoldaşının telefonuyla zəng etmişdi. - İnandırım Allaha, azı bir saat danışdı. Evdə kim vardı, hamıyla hal-əhval tutdu. Deyə-gülə sağollaşdıq. Hə, onu da dedi ki, iki-üç gün ona zəng çatmaya bilər. Narahat olmayaq buna görə. Nə biləydik ki, bu, onunla son danışığımızdı. Axşam, hə, elə həmin axşam Fərhad kişinin ürəyinə nəsə damır. Günorta Fədailin danışdığı nömrəni yığır. - Mənə dedi ki, dayı, bu mənim nömrəmdi. Fədailgil bizdən aralandı, irəliyə getdilər. Amma o da oğlum kimi “hara” sualıma cavab vermədi. *** Həmin axşam ağır döyüşə girib Fədailgilin kəşfiyyat qrupu. İki şəhid veriblər. Bir yaralı döyüş yoldaşlarını isə xilas edə biliblər. Səhəri şəhid yoldaşlarının cəsədini götürmək üçün geri qayıdıblar. Yenidən ağır döyüş başlayıb. Fədail və bir neçə döyüş yoldaşı sona qədər vuruşub və qəhrəmanlıqda həlak olublar. - Bizim uşağın cəsədini çox çətinliklə Bəxtiyar adlı şəxs çıxara bilib. Bəxtiyar qonşu kənddəndir. Elə cəbhədə tanış olubmuş Fədaillə. Allahın işinə bax ki, bir həftə sonra Bəxtiyar özü də şəhid olur. Bilirsinizmi hansı şəraitdə? Yenə həlak olmuş bir döyüşçümüzü atəş xəttindən çıxararkən. Elman müəllim deyir ki, 44 günlük müharibə dövründə onlar üçün ən ağır olanı rayona gələn şəhid xəbərlərini evlərə çatdırmaq olub. - Bilirsiniz, şəhid gələn kimi rayon komissarlığına xəbər verilir. Bizim üçün 44 günlük müharibədə ən ağırı valideynə “sənin oğlun şəhid olub” demək idi. Elə gəlib Fərhad əmiyə də çox çətinliklə dedim. Hələ evə əvvəlcə həkim də çağırdıq, nə ola, olmaya. Mən bilirdim ki, Fərhad əmi Fədaili olduqca çox istəyir. Fədail başqa uşaq idi. Bütün kəndin sevimlisi. O gün burda danışırlar ki, uşaqları çox sevirmiş. Mağazanın yandan bir məktəbli uşaq keçəndə, ora boylananda, deyirmiş ki, nə almaq istəyirsən? Şirni, saqqız limonad alıb verirmiş uşaqlara ki gözləri arxada qalmasın. Fərhad kişi deyir ki, əslində Fədail sentyabrın 27-də bir yoldaşıyla gedəcəkmiş korpusa. Amma dayısıyla qardaşı aparmalı olub. - Həmin videonu da dayısı çəkib. Beyləqana girəndə, dayısına deyib ki, çəkin, qoy yadigar qalsın. Baxarsız - deyib, - bu video çox məşhur olacaq. Elə də oldu. O gün kimsə deyir ki, bu videoya Azərbaycanda baxmayan yoxdu. Fədailin dəfnində böyük izdiham yaşanır. Minlərlə rayon sakini onu öz çiyinlərində son mənzilə yola salırlar. Fədail təkcə Nadirovların itkisi deyildi, Qobustanın, bütün Azərbaycanın itkisiydi – deyir, Elman müəllim. Sevdiyi biri vardımı? Atası deyir onun xəbəri yoxdu. Bəlkə də anasına deyibmiş. - Amma arzuları vardı. Təsəvvür edin, o, qarşısına belə məqsəd qoymuşdu ki, üç qardaşıq, böyük qardaşım sənlə qalar, mən hərbdə işləyəcəm, ev veriləcək, ondan sonra evlənəcəm. Belə xəyallar qurmuşdu özü üçün. Hərbçi kimi mənzil sahibi olmadı, son mənzil qismət oldu oğluma. Göstərdiyi qəhrəmanlığa görə, “Vətən uğrunda” medalıyla təltif olunur Fədail. Vətən uğrunda özünü fəda edən Fədail... İndi bu evdə başqa bir Fədail də böyüyür. Həmişə qəhrəman əmisiylə fəxr edəcək körpə. Toyunda “Cütçü” oynamaq arzusuyla, Səbuhi Məmmədli, Qobustan, Bədəlli

Nə düşünürsən?