Yalçın Rzazadə Lənkəranda dəfn olundu

  • 23.02.2021
  • 0

Xalq artisti Yalçın Rzazadə Lənkəranda dəfn edilib. 

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, mərhum sənətkar Liman şəhər qəbiristanlığında qardaşı Aydın Rzayevin məzarı yanında torpağa tapşırılıb. 

Dəfn mərasimində hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və mərhumun yaxınları iştirak edib. 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağlığı verib. Başsağlığının mətnini Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mərasim iştirakçılarının nəzərinə çatdırıb.

Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atası ilə bağlı fikirlərini açıqlayıb: “Xalqımız, musiqi tariximiz böyük bir sənətkarı itirdi. Biz övlad kimi böyük bir atanı itirdik. Hər övlad üçün ata böyük bir dağdır. Əfsus ki, bizim dağımız uçuldu. Amma ki, bir şey var, bu dünyada yaşayan insan çoxdur, amma yaşayıb nəsə qoyan, ayrı-ayrı ölkələrdə öz Vətəninin bayrağını ucaldan belə insanlar azdır, tək-tükdür. Mənim atam elə insanlardan olub. Bayrağını həmişə uca tutub, Vətənini sevib. İlahidən gələn ona istedadı istifadə edib öz Vətəni üçün. 90-cı illərdə çox çətin vaxtlar idi, çox təkliflər gəldi, o, vətənini atıb qaçmadı”. 

Sənətkarın digər oğlu Yusif Rzazadə ölkə rəhbərliyinə atasının səhhətinə göstərilən diqqət üçün təşəkkür edib: “Bu torpaqda özü vəsiyyət elədi. Məndən, qardaşlarımdan söz aldı. O, romantik insan olduğu üçün bu torpağı seçdi, mənə də dedi ki, insan bir gün gəlir, bir gün gedir. Yəni mən harada anadan olmuşam, o torpaqda məni dəfn edərsiniz. Mən buradan üz tutub dövlətimizin başçısına və Mehriban xanıma öz ailəmizin adından böyük təşəkkür bildiririk ona. Onlar Azərbaycan xalqının nəinki Prezidenti və Vitse-prezidentidir, o insanlar bizim doğmalarımızdır. Doğma insan kimi yanaşdılar. İki il Mehriban xanım böyük zəhmət çəkdi, böyük tapşırıqlar verdi”. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə müalicə olunmuş 75 yaşlı Yalçın Rzazadə uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib. Xalq artistinin vəsiyyətinə uyğun olaraq doğulduğu rayonda torpağa tapşırılıb.