Paytaxtımız F1 yarışına hazırlaşır

  • 16.02.2021
  • 0

BŞH ilk olaraq pit-stop zonasını quraşdırır
Bu isə dünya çempionatının mövsümdə 6-cı mərhələsidir. 2021-ci ilin ilk Qran-prisi martın 28-də Bəhreyndə reallaşacaq. Daha sonra İtaliya, Portuqaliya, İspaniya və Monakoda yarış təşkil olunacaq. Bunun ardınca pilotlar küləklər şəhərinə təşrif buyuracaqlar. Hazırlıqlar ölkəmizdə tədbiq olunan karantin rejiminə uyğun şəkildə aparılır. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti isə yarış, hazırlıqlar və azarkeşlərin iştirak edib-etməyəcəyi ilə bağlı yaxın günlərdə ətraflı məlumat verəcəyini bildirib.

Azadlıq meydanından başlayan yol Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerinə dönür.

Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə trekin İçəri Şəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7.6 metr təşkil edir.

Xatırladaq ki, bu, ölkəmizdə keçiriləcək 5-ci yarış olacaq. 2016-cı ildəki ilk mərhələ Avropa Qran Prisi adlandırılmışdısa, növbəti 3 mövsümdə Bakıda reallaşan turnir Azərbaycan Qran Prisi olub. Küləklər şəhərindəki əvvəlki 4 qran prini müvafiq olaraq almaniyalı Niko Rosberq, britaniyalı Luis Hemilton, digər Almaniya təmsilçisi Sebastian Fettel və finlandiyalı Valtteri Bottas qazanıb.

Formula 1 üzrə Dünya Çempionatının 72-ci mövsümü mərhələ sayına görə rekorda imza atacaq. Belə ki, bu il 23 Qran Prinin keçirilməsi planlaşdırılır.

Artıq komandaların təqdimatına da başlanılıb. İlk təqdimatı Böyük Britaniyada MakLaren komandası həyata keçirib.

Qeyd edək ki, 2021-ci il Dünya Çempionatına dekabrın 12-də Əbu-Dabidəki yarışla yekun vurulacaq.

Nə düşünürsən?