Hacıqabulda fahişəni öldürən, Bakıda isə transseksualı öldürməyə cəhddə təqsirləndirilən Hikmət Fərəcov bu əməlləri niyə etdiyini açıqlayıb.
APA TV-nin Lent.az-a istinadən xəbərinə görə, hadisəni törədən Hikmət Fərəcov məhkəmədə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərib ki, ailəlidir, himayəsində iki övladı var:
“Usta işləməklə ailəmi dolandırmışam. Hadisə günü pivə içmək üçün yaşadığım Hacıqabul rayonunun Nəvahi kəndində yerləşən “Tural” kafesinə getdim və orada pivə içdim. Bundan sonra əxlaqsız qadınları öldürmək fikrinə düşdüm. Sonra qarşıma bir fahişə çıxdı. Fidanla (ad şərtidir) 10 manat qarşılığında cinsi münasibətdə olmaqla bağlı razılığa gəldik, pulu verdim. Məqsədim onunla cinsi əlaqədə olmaq yox, onu öldürmək idi. Bundan sonra birlikdə yoldan üzü yaşıllıq sahəyə tərəf getdik. O, hər şeydən xəbərsiz idi. Səsi çıxmasın deyə, anidən sol əlim ilə Fidanın ağzından tutdum. Sağ əlim ilə bel kəmərində saxladığım bıçağı çıxardıb onun boğazının qabaq tərəfinə bir zərbə endirdim. Fidan xırıldamağa başladı, yerə yıxıldı. Fidanın çantasından salfet çıxarıb bıçağı və əlimi sildim. Çantada olan 40 manatı götürdüm”.
Təqsirləndirilən şəxs deyib ki, bundan sonra avtobusla Bakı şəhərinə gəlib. Onun sözlərinə görə, məqsədi əxlaqsız həyat tərzi sürən şəxsləri öldürmək, cəmiyyəti onlardan təmizləmək olub. Sosial şəbəkələrdə əxlaqsız həyat tərzi sürən bir neçə şəxsin nömrələrini götürüb və qadın kimi bildiyi şəxslə görüş təyin edib. Görüşdən əvvəl iki qab pivəsi içib. Danışılan vaxtda, yəni günorta saat 13 radələrində həmin mənzilə gedib. Mənzilin qapısını qara saçlı qadın olduğunu düşündüyü şəxs açıb. Sonradan qadının əslində kişi olduğunu bilib. Yataq otağında bıçağı çıxarıb onun bədəninə 2-3 bıçaq zərbəsi vurub. Zərərçəkən qışqırmağa başlayıb, otağa tanımadığı şəxs daxil olub. Bıçağı yataq otağında döşəmənin üzərinə atan Hikmət Fərəcov çılpaq vəziyyətdə mənzildən qaçıb. Mənzilin yaxınlığında polis əməkdaşı onu paltarsız görərək saxlayıb.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Nihat (ad şərtidir) ifadəsində göstərib ki, transseksualdır. Valideynləri və bacısı Masallıda yaşayırlar. 2019-cu ilin avqust ayından Bakı şəhərinə köçüb. Bakıda dostları özü kimi transseksuallarla birlikdə yaşayır və intim xidmətlər göstərirlər. O qeyd edib ki, Hikmət heç bir səbəb olmadan onu öldürməyə cəhd edib. bu səbəbdən ona ağır cəza təyin edilməsini xahiş edir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hikmət Fərəcov 19 il müddətinə azadlıqdan məhrum edilib.